Avqustun 24-də Prezident İlham Əliyev BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.
Qəbul zamanı Prezident Azərbaycan-BMT əlaqələrinin dünəni haqqında maraqlı faktları təkrar dilə gətirib. Eyni zamanda Qarabağ ətrafında baş verənlərin – Ermənistanın işğalının illərdir çözülə bilməməsini vurğulayıb.
Maraqlıdır ki, Azərbaycan Prezidenti torpaqların işğal altında bu qədər uzun müddət qalmasının səbəbkarının yalnız işğalçı Ermənistan olmadığını qeyd edib. O, bildirib ki, bunun səbəbkarı həm də işğal faktına göz yuman beynəlxalq birlikdir.
İ.Əliyev yeni rezident əlaqələndiriciyə xatırladıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr uzun müddət masa üzərində qalıb. Baxmayaraq ki, Azərbaycan onların icrası üçün illər uzunu çağırışlar edib, yenə də nəticə olmayıb. Ona görə də işğal faktını güc yoluyla aradan qaldırmağa məcburiyyət yaranıb və Azərbaycan faktiki olaraq BMT qətnamələrininin icrasını tək başına – öz gücünə həll edib.
Prezident İ.Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə diqqət çəkib. O, qeyd edib ki, bu qrup da mövcud olduğu 28 il ərzində hər hansı nəticə əldə edə bilməyib. Həm də qrupa həmsədrliyi BMT TŞ-nın daimi üzvü olan üç dövlət – ABŞ, Fransa və Rusiya etdiyi halda. Yenə də Azərbaycan öz gücünə məsələni ədalətli şəkildə həll etməli olub.
Bütün bunlara diqqət çəkən İ.Əliyev müharibəyə görə məsuliyyətin yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşdüyünü də vurğulayıb. Prezidentin fikrincə, vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibəyə də gərək qalmazdı.
Nəticə olaraq Azərbaycanın özü BMT TŞ-nın qətnamələrini icra edib, ədalətin, beynəlxalq hüququn normalarının bərpasına nail olub.
Ölkə başçısı UNESCO-nun işğaldan azad edilmiş torpaqlara missiyası məsələsinə də toxunub. O, haqlı olaraq xatırladıb ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu zaman UNESCO oralara səfər təşkil etməkdən yayınıb. Lakin müharibə bitən kimi bölgəyə gəlmək həvəsinə düşüb. Azərbaycan isə belə yanaşmaya əsla razı ola bilməzdi. Çünki ortada yenə də ikili standart var.
Doğrudan da, niyə ermənilər Azərbaycan torpaqlarının altını üstünə çevirəndə UNESCO və bənzər qurumlar oralara gəlib monitorinq aparmır, baş verənləri qeydə almırdılar? Bəs necə oldu ki, illərdir susan bənzər qurumlar Azərbaycan öz torpaqlarını işğaldan azad edən kimi ayıldılar və bölgəyə səfər edib “zərər görmüş erməni abidələri” ilə bağlı monitorinq aparmaq istədilər?
Prezident İ.Əliyev çıxışında onu da vurğulayıb ki, artıq müharibə bitib və danışılası heç nə qalmayıb. O, irəli baxmağın vacib olduğunu deyib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın əsas hədəfi dağıdılmış əraziləri bərpa edib normal yaşam üçün şərait yaratmaqdır. O baxımdan ölkə BMT ilə əməkdaşlıq üçün heç bir əngəl görmür.