Press "Enter" to skip to content

Hulusi Kılıç İstanbulda müalicə alan qazilərlə görüşüb

Son yeniləmə: 24 Avqust 2021 18:38

Bayraqdar.info – Məlum olduğu kimi, 130-a yaxın Vətən müharibəsi qazisi indiyə kimi “YAŞAT” Fondu tərəfindən müvafiq müayinə, müalicə və reabilitasiya prosesi üçün Türkiyəyə göndərilib. Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq göndərilən qazilərin bir qismi artıq Vətənə dönüb. Digərlərinin müalicəsi isə davam edir.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralıların müalicə və gündəlik xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Eyni zamanda Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir. Xəbər verdiyimiz kimi bu ayın əvvəlində “YAŞAT” Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər zamanı heyət Qarabağ qaziləri olan ağır yaralıların müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib. İstanbul, Bursa və Kocaeli şəhərlərində keçirilən görüşlər zamanı ağır yaralıların müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Bu məqamda bildirək ki, istər oradakı soydaşlarımız və azərbaycanlı tələbələr, istərsə də ölkəmizin dostları Türkiyədə müalicə alan qazilərimizə mütəmadi olaraq baş çəkirlər. Avqustun 21-də isə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç İstanbul – Ataşehir bölgəsində yerləşən Avicenna xəstaxanasında müalicə alan 8 Vətən müharibəsi qazisini ziyarət edib. Görüş zamanı qazilərin müalicəsinin gedişi ilə maraqlanan H.Kılıç bayraqdar.info-ya özəl açıqlamasında bunları deyib: “Mən qazilərimizin gözlərində torpaqlarımızı işğaldan azad etmələrinin xoşbəxtliyini və qürurunu gördüm. Mənəvi durumları çox yüksəkdi. Türkiyədə müalicə almaqdan və xəstəxanada gördükləri xidmətlərdən məmnun olduqlarını söylədilər. Allah onlara şəfa versin. Nə qədər ki, Azərbaycanın, Türkiyənin, türk dünyasının belə qorxmaz qəhrəman igidləri var, türklük hər zaman ayaqda duracaq”.

Mission News Theme by Compete Themes.