Bayraqdar.info – Ağdamda Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb.
Bu barədə bayraqdar.info-ya Aygün İsgəndərova məlumat verib.
Bildirilib ki, rayonun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzindəki sərgi Vətən müharibəsində qazanılan şanlı Zəfərə həsr olunub.
Sərgi Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Sərgidə rəssam bacıların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilir.
Şəhid ailələri, media nümayəndələri, mədəniyyət işçilərinin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edənlər Vətən müharibəsindəki Zəfərə həsr olunmuş bu sərgini yüksək qiymətləndiriblər.
Xalq rəssamı Arif Hüseynov qeyd edib ki, sərginin Qarabağda, Ağdamda keçirilməsi rəmzi xarakter daşıyır:
“İstərdim ki, Azərbaycan rəssamları respublikamızın regionlarında fərdi sərgilərini açsınlar. Bugünkü sərgini çox yüksək qiymətləndirir, Elnurə və Aygün İsgəndərova bacılarına uğurlar arzulayıram”.
Öz növbəsində Elnurə və Aygün İsgəndərova bacıları sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid analarına diplom və hədiyyələr təqdim olunub.