Bayraqdar.info – Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün 2021-ci il avqustun 30-dək qəbul olunmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilir.
Avqustun 20-də DİM-dən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
“İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında təqdim olunur. Qəbul aparılan ixtisasların uyğunluğu DİM ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.
“Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
“Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
“Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
“ADA” Universitetinin ixtisasları;
Bakı Ali Neft Məktəbinin ixtisasları.
“Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər”, – deyə DİM bildirir.