Bayraqdar.info – 2021-ci il avqustun 20-nə olan statistikaya əsasən dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı 210 milyon, xəstəlikdən vəfat edənlərin sayı isə təxminən 4 milyondur. Dünya üzrə gündəlik yoluxma sayı 722 minə yaxındır. Ən çox yoluxma qeydə alınan ölkələr arasında ABŞ, Hindistan və Braziliyanın adları çəkilir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Azərbaycanda da son günlər COVID-19-a yoluxmada kəskin artım müşahidə edilir: “Artım dinamikasında önəmli olan yoluxma əmsalıdır. Əgər avqustun əvvəlində ölkədə koronavirusa yoluxma əmsalı 7 faizə yaxın idisə, indi bu göstərici 23 faizdir. Bu, son 20 gün ərzində ciddi artımın olduğuna işarədir”.
Y.Qarayeva qeyd edib ki, hazırda ölkədə 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: “Onların 11-i Bakı, Abşeron və Sumqayıtda, 7-si isə regionlarda yerləşir. Bundan başqa, ehtiyat tibb müəssisələri mövcuddur. İstənilən halda, biz bütün qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi arxayın etməməlidir. Həmin tibb müəssisələrinin əksəriyyəti rayon mərkəzi xəstəxanalarıdır. Əgər həmin xəstəxanalarda yalnız COVID xəstələri qəbul edilərsə, əhalinin normal tibbi ehtiyaclarını ödəməkdə çətinlik yaranar.
“Bu ilin mart ayından etibarən COVID-19 infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır”, – deyə o bildirib.
Y.Qarayeva qeyd edib ki, süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir: “COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb. Bu günə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında, sadəcə, 0,6 faiz yoluxma faktı aşkarlanıb. Bütün dünyada koronavirusa qarşı cəmi 788 milyon doza vaksin vurulub. ABŞ, İsrail, Almaniya, ümumiyyətlə Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür.
“Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 991 min 16, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 574 min 157, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 2 milyon 416 min 859 nəfərdir.
“Ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarına daha çox 30-39 yaş arasında rast gəlinir”, – deyə Y.Qarayeva vurğulayıb.
O, bildirib ki, Respublikada hazırki epidemioloji vəziyyətə səbəb koronavirusun “delta” ştamıdır: “Lakin digər ştamlarla müqayisədə “delta” ilə yoluxma zamanı da xüsusi kliniki fərqlər müşahidə edilmir”.
Y.Qarayeva, həmçinin peyvəndlər barədə danışıb: “Azərbaycanda COVID-19 infeksiyası əleyhinə 4 növ peyvənddən istifadə edilir. Hər bir vaksin preparatının effektivliyi istehsalçı şirkətlərin həmin peyvəndləri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim etdiyi vaxtdan məlumdur. Yəni vaksinlərin səmərəliliyi ilə əlaqədar göstəricilər ictimaiyyətə məlumdur, bu rəqəmlər heç vaxt gizli saxlanılmayıb. Ümumiyyətlə tarix boyu istifadə edilən vaksinlərin heç birinin effektivliyi 100 faiz olmayıb. Əsas odur ki, bu gün COVID-19 əleyhinə vurulan peyvəndlərin effektivlik faizi ÜST tərəfindən qoyulan tələblərə uyğundur”.
Hazırda Azərbaycanda koronavirus əleyhinə “SinoVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.
Operativ Qərargahın brifinqdə bildirilib ki, COVID-19-a yoluxanların 22 faizi məhz 30-39 arası yaş qrupunu əhatə edir. Sonrakı yerləri 50-59 (18 faiz), 20-29, 40-49, 60-69 (hər üçü 15 faiz), 10-19 (6 faiz), 70-79 (4 faiz), 0-9 (3 faiz) və 80+ (2 faiz) yaş qrupları tutur.
Məlumata əsasən, ölkə üzrə yoluxanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edir.
Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.