Press "Enter" to skip to content

Qərbi Azərbaycanda məcburən təhsili tərk edənlərin sayı artıb

Bayraqdar.info – Qərbi Azərbaycanda məcburən təhsildən uzaqlaşanların sayı artıb. Bu barədə Qərbi Azərbaycan əyaləti Təhsil İdarəsinin başçısı Məhin Mənafi məlumat verib.

M.Mənafinin verdiyi məlumata görə, ötən il əyalətdə ibtidai sinifdə oxuyan 1 min 79, yuxarı siniflərdə təhsil alan 1 min 719 şagird təhsili tərk edib.

Təhsil İdarəsinin rəisi deyib ki, bunun əsas səbəbi koronavirus pandemiyası, yoxsulluq, valideynlərin yanlış təsəvvürləri, mədəni səviyyənin aşağı olması və erkən evlilikdir.

“Tasnim” xəbər saytının verdiyi məlumata görə, təhsilini tərk etməyə məcbur olan şagirdlərdən biri Məryəm Salari bildirib ki, buna səbəb ailənin sosial güzəranının ağırlaşması olub.

“Atam koronavirusdan vəfat etdikdən sonra yaşayış şəraitimiz daha da çətinləşdi. Məktəb ləvazimatı və online təhsil üçün avadanlığım olmadığına görə təhsilimi yarımçıq qoymağa məcbur oldum”, – deyə M.Salari bildirib.

Bir müddən öncə Qərbi Azərbaycan Təhsil İdarəsinin başçısı da bu problemlə bağlı açıqlama verib.

O, dərslərin onlayn keçirildiyi dönəmdə ortalama 108 min məktəblinin internet xidmətindən məhrum olduğunu deyib. Onun sözlərinə görə, bunun 33 min 400 nəfəri ucqar bölgələrdə yaşayan və köçəri həyat tərzi keçirən ailələrdə yaşayan şagirdlərdir.

Qeyd edək ki, Qərbi Azərbaycan ölkədə adam başına hesablanan təhsil ocaqlarına görə ən sonuncu yerlərdən birini – 29-cu yeri tutur. Mövcud olan məktəblərin bir çoxu isə köhnə, istifadəyə yararsızdır.

Rəsmi hesabatlara görə, əyalət məktəblərinin ən azı 30 faizi köhnə və istifadəyə yararsız kimi dəyərləndirilib. Təhsil Nazirliyinin məsulları isə məktəblərin yenidən qurulması üçün vəsaitlərinin olmadığını bildirirlər.

Son bilgilərə görə, hal-hazırda əyalətdə 419 kaneks məktəb fəaliyyət göstərir. Məktəblilərin 30 faizinin internet çıxışı və online təhsil üçün texniki avadanlıqları yoxdur.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.