Bayraqdar.info – Əfqanıstan paytaxtı avqustun 15-də terrorçu Taliban təşkilatının nəzarətinə keçdikdən sonra ölkədə qorxu mühiti getdikcə artır. Bu baxımdan hər kəs mümkün yollarla ölkədən qaçmaqla canını qurtarmağa çalışır.
Taliblər sözdə yumşaq danışsalar da əməlləri bir daha sübut edir ki, onların nəzarəti Əfqanıstanı orta yüzillərə sürüməklə geri atmaqdan başqa bir işə yaramayacaq. Və təəssüflər olsun ki, hazırda ölkə içində taliblərə dirəniş göstərəcək mütəşəkkil güc də yoxdur. Bu isə qurtuluş üçün tək bir yol qoyur: mümkün qədər tez ölkədən qaçmaq.
Qaçıb qurtulmaqdan başqa çıxış yolu qalmayanlardan biri də özbək əsilli Əfqanıstan millət vəkili Həlimə Sədəfdir. O, video müraciət yayaraq taliblərin hər an evinə basqın edə biləcəyini, özünü və ailəsini öldürəcəyini deyir.
H.Sədəf qeyd edib ki, dili, mədəniyyəti bir türklərdən yardım istəyib. Lakin təəssüf ki, Türkiyə səfirliyi ona ölkədən çıxış üçün viza verməyib. Bu isə H.Sədəfin əlavə üzüntüsünə səbəb olub. O, göz yaşları içində türk qardaşlarından yardım istəyib.
Əslində, Türkiyə səfirliyini də başa düşməmək mümkün deyil. Belə baxanda Əfqanıstanda milyonlarla insan qaçıb qurtulmağa çalışır. Onların böyük əksəriyyəti də Türkiyəyə sığınmaq istəyir. Əlbəttə, belə bir durumda Türkiyə səfirliyi də çıxılmaz durumdadır…