Bayraqdar.info – Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə başlanılır.
Bu haqda bayraqdar.info-ya avqustun 18-də Təhsil Nazirliyindən xəbər verilib.
Xəbərdə qeyd edilir ki, müsabiqənin yekun – müsahibə mərhələsi azərbaycan, alman, fransız, rus dili, Azərbaycan dili və ədəbiyyatı, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, ibtidai sinif, informatika, ingilis dili, kimya, musiqi, rus dili və ədəbiyyatı, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçiriləcək.
Bu mərhələyə ümumilikdə 4 min 973 namizəd dəvət olunub və müsahibələr avqustun 26-dək davam edəcək.
“Müsahibə zamanı namizədlərin peşəkar bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
“Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq”, – deyə Nazirliyin xəbərində bildirilir.