Bayraqddar.info – Dövlət Sərhəd Xidmətinin Aviasiya Qüvvələrində Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Bu barədə məlumat avqustun 18-də bayraqdar.info-ya DSX Mətbuat xidmətindən verilib.
“Abidənin önünə gül çələnginin qoyulması və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edib. O, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb, mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olduğunu qeyd edib. Sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb.
“DSX-nın “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən “Toçka-U”, “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radioelektron mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.
“Torpaqların azad olunması uğrunda gedən döyüş əməliyyatlarında DSX-nın həlak olmuş 47 hərbi qulluqçusu arasında pilot zabitlərimiz – mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun da olmaları vurğulanıb. DSX-nin Aviasiya Qüvvələrində şəhidlərin xatirəsinə və Vətən Müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidələrin ucaldılmasının şəhidlərin rəşadət və qəhrəmanlıq salnaməsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümü olduğu bildirilib.
“Tədbir zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub”, – deyə məlumatda qeyd edilir.