Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb.
“ASAN xidmət”dən avqustun 17-də bayraqdar.info-ya verilən məlumata görə, ilkin olaraq açılış mərasimi və komanda ilə tanışlıq, ardınca psixoloji qrup oyunları keçirilib.
Bildirilib ki, sonra iştirakçılar macəra parkurunda müxtəlif maneələri dəf edərək maraqlı vaxt keçiriblər. Günün sonunda uşaqlar stolüstü oyunlar oynayıblar.
Vurğulanıb ki, düşərgənin beşinci həftəsi şəhidlərin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.
Qeyd edək ki, düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək. O cümlədən, baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək. Həmin uğaqlar düşərgədən sonra Fond tərəfindən müalicə prosesinə cəlb olunacaqlar.