Press "Enter" to skip to content

“WorldSkills Asia – 2021” yarışlarının bağlanış mərasimi keçirilib

Bayraqdar.info – Təhsil Nazirliyindən avqustun 17-də bayraqdar.info-ya verilən xəbərə görə, “WorldSkills Asia” tərəfindən 13 bacarıq istiqaməti üzrə 26 müxtəlif ölkədən olan 122 müsabiqəçinin və 185 mütəxəssisin iştirakı ilə onlayn formatda keçirilən beynəlxalq bacarıq yarışına yekun vurulub.

““WorldSkills Azerbaijan” platforması qismində ilk dəfə Azərbaycanın təmsil olunduğu beynəlxalq bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə mübarizə aparan Kamil Səlimli və Hüseyn Qəmbərov uğurla iştirak ediblər. Onlar beynəlxalq sertifikatla təltif olunublar.

““Kiber təhlükəsizlik” istiqaməti üzrə təmsilçimiz Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.

“Hər iki təmsilçi ötən ay müvafiq bacarıq istiqamətləri üzrə ölkə səviyyəsində keçirilmiş yarış və seçim turunda yüksək nəticə göstərməklə beynəlxalq yarışda iştirak etmək hüququ qazanıb.

“Sözügedən yarışda təmsilçilik “WorldSkills” çətiri altında təşkil olunacaq gələcək bacarıq yarışlarında iştirak üçün əhəmiyyətli təcrübə hesab olunur, eləcə də müsabiqəçilərin bu qəbildən olan yarışlara hazırlıq səviyyəsinin yoxlanılması üçün mühüm rol oynayır”, – deyə Nazirliyin xəbərində qeyd edilir.

Həmçinin, o da qeyd edilir ki, Azərbaycan gələn ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək “WorldSkills” hərəkatının ən ali tədbiri olan “Shanghai2022” bacarıq olimpiadasında üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.

Xəbərdə bildirilir ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Mission News Theme by Compete Themes.