Son yeniləmə: 17 Avqust 2021 13:53
Bayraqdar.info – Peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları istiqamətində təhsil alacaq tələbələr üçün “Turizm Sahəsində Dual Təhsil Proqramı” reallaşdırılır. Proqram Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən həyata keçirlir.
Bu barədə bayraqdar.info-ya avqustun 17-də Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
Proqram müddətində tələbələr ilk ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərinə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində nəzəri biliklərə yiyələnəcəklər. Həftənin digər qismində isə hotellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlarla bağlı məlumatlar veriləcək.
Vurğulanıb ki, ilkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. Bir illik tədris müddətinin sonunda tələbələr teorik biliklər, ölkənin qabaqcıl hotellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom da əldə edəcəklər: “Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları istiqamətində həyata keçiriləcək”.
Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə həyata keçiriləcək.
Layihə çərçivəsində Abşeron Hotellər qrupu, Hilton Hotel, JW Marriott Absheron Baku, Qəbələ Hotellər Qrupu tərəfdaş qismində çıxış edirlər. Proqram üzrə gələcəkdə digər hotellərlə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.
Qeyd edilib ki, “Turizm Sahəsində Dual Təhsil Proqramı”na qatılmaq istəyən şəxslər 20 avqust tarixinədək qeydiyyatdan keçərək ixtisas seçimini yekunlaşdırmalıdırlar.