Press "Enter" to skip to content

Prezident və birinci xanım Kəlbəcər və Laçında olub – VİDEO

Bayraqdar.info – Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olub.

Xəbəri avqustun 16-da Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə bildirilir ki, dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub.

Prezident Kəlbəcərdə “Ömər aşırımı” adlanan yerdə media nümayəndələrinə açıqlama verib. O, bildirib ki, Ermənistanın Vardenis dediyi rayonun adı, əslində Basarkeçərdir.

Basarkeçər yolu haqqında məlumat verən ölkə başçısı qeyd edib ki, ermənilər 3-cü yolu Cəbrayildan çəkmək və bununla da 3 yolu birləşdirmək istəyirmişlər: “Bu da hərbi cinayət sayılırdı. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu buna laqeyd yanaşırdı. Biz o vaxt buna etiraz bildirmişdik, amma bizi eşidən yox idi. Lakin mən indi gəlib bu yolun üstündə durmuşam. Biz burada əbədi yaşayacağıq. Kəlbəcər dağları, meşələri çox gözəldir. Cənnətdir və biz də buraları daha da cənnətə çevirəcəyik”.

Dövlət başçısı bundan sonra Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olmaq üçün yola düşüb.

Kəlbəcər rayonunun Qamışlı kəndində 110/35/10 kilovoltluq “Kəlbəcər” KSES-in işi ilə də tanış olan dövlət başçısı onu işə salıb.

“Kəlbəcərin Qamışlı kəndində bizim enerji infrastrukturumuz yaradılıb. Elektrik xətləri bura təzə çəkilib. Laçın dəhlizinə getmək üçün ermənilər burada yol çəkiblər. Biz o vaxt buna etiraz etmişdik. İndi biz buradan istifadə edirik. Bu yolu hərbi qənimət saymaq olar. Üçüncü yolu da Cəbrayıldan çəkmək istəyirdilər, amma arzuları ürəklərində qaldı. Uzun illər ermənilər bizim torpaqlarımızın təbii sərvətlərini talan ediblər və torpaqlarımızı istismar ediblər. Sonra da deyirdilər ki, bura bizim torpaqlarımızdır. Bu yarımstansiyanın açılışını etdik. Bu, çox əlamətdar hadisədir. Bu yarımstansiya cəmi 6 aya başa gəldi. Bu, hələ başlanğıcdır. Ermənilər bizim bütün su elektrik stansiyalarımızı məhv ediblər. Amma biz hamısını yenidən qururuq. Onlar nə qədər çalışsalar da, bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz bura qayıtmalı idik, qayıtdıq, ermənilər buradan getməli idilər, getdilər. İndi isə təbiətdən zövq alaq. Yaşasın, Azərbaycan!” – deyə Prezident öz çıxışında bildirib.

Səfər çərçivəsində İ.Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub: “Bu gün ikinci tunelin təməlini qoyduq. Bu tunel gediş-gəlişi daha da asanlaşdıracaq. Belə ağır relyef şəraitində tunel tikintisi çox çətindir. Amma biz Şərqi Zəngəzurda rahat hərəkət etmək üçün bu tunelləri tikməliyik. Laçın rayonunda da aeroport tikilir. Bütün texniki imkanları, kadr potensialını və maliyyə vəasitini cəlb edərək bu işlər görülür”.

Daha sonra ölkə başçısı “Biz Laçında hava limanının təməlini qoyacağıq” deyərək avtomobillə Laçın rayonuna yola düşüb: “Kəlbəcər-Laçın yolu tikilib bitəndən sonra bu yol da rahat olacaq”.

Prezident Kəlbəcər-Laçın yolunda Sovet dövründən qalma uzunluğu 200 metr olan tuneli göstərərək “biz burada 11 km və 5 km uzunluğunda tunellər tikirik. Ermənilər bu tunellə qaçıb gedəndə tuneli partlatmaq istəyirdilər. Alınmadı”, deyib.

Laçın rayonunun Qorçu kəndində tikilən Hava Limanına gələn dövlət başçısı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

“Demişdim ki, azad olunmuş ərazilərdə 3 hava limanı tikiləcək. Füzuli, Zəngilan və Laçında. Füzulidəki hava limanı gələn il işə salınacaq. Burada relyef hava limanı tikməyə imkan vermirdi. Kəlbəcər və Laçında ancaq bu yer imkan verir ki, burada hava limanı tikilsin. Buradan həm Şuşaya, həm Kəlbəcərə və Laçının özünə getmək üçün rahat olacaq. Uçuş-enmə zolağı hər üç hava limanında 3 km-dir. Bu, bir çoxları üçün gözlənilməz oldu. Çünki, burada heç vaxt hava limanı olmayıb. Hava limanını Azərbaycan şirkətləri inşa edəcək. Bizimlə bərabər böyük layihələrdə Türkiyənin şirkətləri də iştirak edir. Eyni zamanda, bu hava limanları həm də hərbi təyinatlı olacaq. Çünki bu, çox vacibdir”. Prezident belə deyib.

Daha sonra Kəlbəcərdə arıçılarla görüşən dövlət başçısı onlarla söhbət edib. Məşhur Kəlbəcər balının dadına baxıb. Arıçılar Prezidentin aləsinə 2 şan hədiyyə etmək istəsələr də, onlar bir arı şanı götürüblər. Arıçılar bu torpaqlara geri dönəcəklərinə çox inandıqlarını bildiriblər: “Burada ermənilərin böyük arı təsərrüfatlrı var idi. İndi biz yenə də burada öz balımızı yetişdirəcəyik. Məşhur Kəlbəcər balının sorağı yenə yayılacaq”.

“Ermənlər Kəlbəcəri özününküləşdirmək istədilər, adını belə dəyişmək istəyirdilər. Alınmadı.”
Ölkə başçısı ermənilərin darmadağın edib viran qoyduğu kəndləri keçir və göstərir: “90-cı illərin əvvəllərində işğal edib dağıdıblar. Ağacları kəsib yandırıblar”.

Ölkə başçısı Kəlbəcərdə Azərbaycan bayrağını ucaldıb: “Bu qələbə nəticəsində Kəlbəcər də Laçın və Agdamla bərabər işğaldan azad edilib. Kapitulyasiya aktı nəticəsində ermənilər bu 3 rayonu geri qaytardılar. Biz Kəlbəcərin strateji yüksəkliklərini şiddətli döyüşlə geri götürmüşük. Əks-hücum əməliyyatları nəticəsində Basarkeçər yolunu geri götürmüşdük və onlar artıq bu yoldan istifadə edə bilmirdilər. Şiddətli döyüşlər nəticəsində Kəlbəcərin kiçik bir hissəsi azad edildi. Böyük hissəsi isə kapitulyasiya nəticəsində azad edildi”.

Sonra dövlət başçısı Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı İ.Əliyev “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Minkənd (Laçın) yolunun çəkilməsi işlərinə baxıb.

Mission News Theme by Compete Themes.