Press "Enter" to skip to content

IV “Animafilm” festivalının proqramı açıqlanıb

Bayraqdar.info – “Peri Film” MMC şirkətinin təşkilatçılığı ilə sentyabrın 3-dən 7-dək Bakıda canlı formada IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmini təqdim edəcək. Bu ilki festivalın mövzusu “Əlillik” adlanır.

“Animafilm”dən avqustun 17-də bayrqdar.info-ya verilən xəbərə görə, festival boyunca tamaşaçılar həyəcanlı bir müsabiqəyə də şahidlik edəcək. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafat uğrunda yarışacaqlar.

“Həmçinin, festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir. Festival zamanı Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq.

“Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri onlayn əldə etmək olar. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.

“Əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.

“Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.

“Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.