Bayraqdar.info – Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Əfqanıstanda baş verən olaylar fonunda ölkə jurnalistlərinin çox ciddi problemlə üz-üzə qaldığını bəyan edib.
Qurumdan bayraqdar.info-ya daxil olan xəbərə görə, ən azı 300 jurnalist CPJ-yə müraciətlə xilas edilmələrini xahiş edib. Bundan əlavə daha bir neçə yüz jurnalistin taleyi ilə bağlı ciddi narahatlıq var.
CPJ-nin icraçı direktoru Coel Saymon bununla bağlı bildirib ki, Co Bayden administrasiyası hazırda ən çarəsiz durumda olan Əfqanıstan jurnalistlərinin xilası üçün mümkün olan hər şeyi etməlidir.
CPJ bu jurnalistlərin üçüncü ölkələrə mühacirət etməsi üçün yardımı vacib sayır. O da qeyd edilir ki, təhlükə altında olan jurnalistlərin az sayda bir qismi ABŞ təyyarələri ilə ölkədən çıxa bilib. Lakin böyük çoxluq hələ də ölkədədir və Talibandan gizlənmək məcburiyyətindədir.
Bildirilir ki, The New York Times, The Washington Post və The Wall Street Journal üçün işləyən Əfqanıstanlı jurnalistlər ölkəni tərk edə bilməyiblər. Bu media qurumları birlikdə Prezident C.Baydenə müraciət göndərərək jurnalistlərinin xilasına yardım etməsini istəyiblər.
CPJ bu günə kimi əfqan jurnalistləri ilə bağlı təcili baxılmalı olan 45 halı qeydə alıb. Bu hallar içində Talibanın təhdidinə daha çox məruz qalan qadın jurnalistlərdir. Daha 127 halda da jurnalistlərin ciddi təhdid altında olduğu qeydə alınıb. Bunlardan 119 halda əfqan jurnalistlər ABŞ mediası ilə əməkdaşlığa görə Talibanın təhdidi altındadır.
Qurumdan onu da bildiriblər ki, son bir sutka ərzində Əfqanıstan jurnalistlərindən kömək üçün 475 e-məktub daxil olub. Bu məktublar tək-tək öyrənilir.
CPJ onu da əlavə edir ki, ABŞ-ın Əfqanıstan hərəkatının başladığı 2001-ci ildən bəri bu ölkədə ən azı 53 jurnalist öldürülüb.