Press "Enter" to skip to content

İlk qaynağından türk oğlu türk olan şairin doğum günüdür – VİDEO

Əslimi, nəslimi tanıyıram mən
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən özün bilərsən
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Bəxtiyar Vahabzadə

Cəmiyyətdə ta bineyi-qədimdən sözün doğrusunu və üzə deyən adamlardan çəkiniblər. Elə insanların həm hörməti, nüfuzu olub, həm xalq tərəfindən sevilib, eyni zamanda, dürüst insanlara zaman-zaman hücum kampaniyaları da təşkil edilib.

O, yalnlz Azərbaycanın deyil, bütün Türk Dünyasının şairi idi. Onun haqqında yazmaq da çətin və məsuliyyətlidir. Sağlığında sadə, deyən-gülən, kövrək olduğu qədər, həm də zəhmli şair kimi tanınırdı Bəxtiyar Vahabzadə. Bu da şairin hər zaman həqiqətləri çılpaqlığı ilə dilə gətirməsindən, tənqidi şeirlər yazmasından irəli gəlirdi.

Dövlət məmurlarına, hakimiyyət nümayəndələrinə məddahlığı ilə yarınan şairlər hər zaman çox olub. Öz şeirlərinin dili ilə həqiqətləri insanlara çatdırması, heç kimə məddah şeirləri yazmaması onu öz dövrünün şairlərindən çox fərqləndirirdi. Ona görə də hamını Bəxtiyar Vahabzadənin nə deyəcəyi, baş verən hadisələrə münasibəti daha çox maraqlandırırdı.

Onun barəsində bir çox xatirələr mövcuddur. Bunlardan biri də mərhum professor Şirməmməd Hüseynovun xatirələridir:

“Onun doğma anası ilə mənim anam bir yerdə Şəkidəki 3 nömrəli ipək fabrikində işləyiblər. Amma tanışlığımız olmayıb. Bəxtiyar Vahabzadənin tərcümeyi-halını hələ dəqiq yazan çox azdır. Bir zaman Bəxtiyara böhtan kampaniyası başladılmışdı. 1952-ci ildə bir şeir yazmışdı, şeirin məzmunu belə idi ki, oxucu gedir kitabxanaya deyir ki, sizdə Şirvanzadənin namusu var? Aleksandr Şirvanzadənin “Namus” əsəri nəzərdə tutulur. Ermənilər götürüb yazırlar ki, Bəxtiyar Vahabzadə erməni yazıçısı Aleksandr Şirvanzadəni namussuz hesab edir. Namus sözünü dırnaq içində yazmadığı üçün ona hücum çəkdilər. “Kirpi” jurnalı onun karikaturasını verdi… Hətta 5-6 il bundan əvvəl də bizim bəzi qəzetlər onunla bağlı böhtan kampaniyasını iyrənc formada davam etdirirdilər. O zaman mən mətbuatda çıxış etdim və ona qarşı olan hücumlara tutarlı cavablar verdim. Bəxtiyarı yaxından tanıyan adam kimi, onunla bağlı yazılan bəzi qaranlıq məqamlara da aydınlıq gətirdim.

“O, nüfuz adamı idi, onu millət tanıyırdı. Müstəqilliyin ilk illərində xalq onu əlləri üstündə “Azadlıq” meydanında tribunaya çıxarmışdı.

“Bəxtiyar Səməd Vurğunun aşiqi idi. Namizədlik və doktorluq dissertasiyasının hər ikisinin də mövzusu Səməddir. Hətta 1952-ci ildə Mircəfər Bağırov Səməd Vurğunu “İnsan” poemasına görə cəzalandırmaq istəyirdi. Bəxtiyar da Səməd Vurğun haqqında dissertasiya yazırdı. “Kirpi” jurnalı da vermişdi ki, Bəxtiyar məddahlıqla məşğuldur. Ona da hücum vardı. 1953-cü ildə Stalin ölməsəydi Bağırov Səməd Vurğunun axırına çıxacaqdı.

“O nəinki ailə ilə, on pillə uzaq olan qohum-qardaşlarla da məşğul idi. Məsələn, gedib Şəkidə otururduq. Görürdük ki, biri gəldi: “Bəxtiyar müəllim, mənə çörəkpulu ver”. Bu da pulları paylayırdı. Dedim, gözlə, onların nəfəsini kəsəcəyəm. Şoferə dedim ki, 20 dənə çörək al, qoy stola, üstünü ört. Kim gəlirdi çörəkpulu üçün, bir çörək verib yola salırdıq. Onunla zarafat edirdim ki, deputat pulundan ora qoy, sənə səsverənlərə ver. Deyirdi, onların nümayəndəsi sənsən?

“Yaxşı xatırlayıram, 1975-ci ildə Şəkidə idik. Bəxtiyarın 50 illik yubileyi idi. Mərkəzi Komitədən Heydər Əliyevin köməkçisi zəng etdi ki, Bəxtiyar müəllim, Heydər Əliyev sizinlə danışmaq istəyir. Heydər Əliyev Bəxtiyarın yubileyini təbrik etdi. Dedi ki, səni “Şərəf nişanı” ordeninə təqdim etmişəm, veriblər. Təbrik edirəm.

“Çingiz Aytmatov, Oljas Süleymenov Bəxtiyarı əsrin şairi, türk dünyasının böyük şairi adlandırırdı. Axı Bəxtiyar da təpədən dırnağa qədər türk idi.

“Moskvada hansı qəzet çıxırdısa – bizim tariximizi, mədəniyyətimizi təhqir edən yalançı pəhləvanların hamısına Bəxtiyarla birlikdə cavab yazırdıq.

“Şairlərdə maraqlı aludəçilik olur. Məsələn, siqareti tərgitmədi. Deyirdi ki, şair gərək siqaret çəkə ki, şeir yazsın. Siqareti atmadı, ciyəri xərçəng oldu. Normal iş və istirahət rejiminə əməl etmirdi. Gecə saat 12-dən səhər saat 6-ya qədər işləyirdi. Gərək o yazanda yanında heç kim olmayaydı. Həyat yoldaşı Dilarə xanım yeməkləri bişirib qoyurdu soyuducuya. Gecə həm işləyirdi, həm də yeyirdi”, – deyir Ş.Hüseynov.

Şairin həyatı və yaradıcılığna bir baxış

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə fəhlə ailəsində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçüb. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1942–1947).

Universitetin aspiranturasını bitirdikdən sonra “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edb (1951).

B.Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlayıb. O zamandan mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

“Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq disertasiyası müdafiə edib (1964).

Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950–1990). 1990-cı ildə təqaüdə çıxıb.

B.Vahabzadə AMEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991).

1995 və 2000-ci illərdə Milli Məclisə deputat seçilib.

1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. “Qırmızı əmək bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. Onun 1958-ci ildə yazdığı “Gülüstan” poeması iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini özündə əks etdirir. Poemada rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsindən danışılır.

Bu poemaya görə 1962-ci ildə şairə “millətçi” damğası vurulub.

Professor Ş.Hüseynov xatirələrində bildrir ki, belə bir şayiə dolaşırmış ki, guya bu poemaya görə, B.Vahabzadəni işlədiyi Azərbaycan Dövlət Universitetindən işdən kənarlaşdırıblar. Amma o, B.Vahabadənin bir gün də olsun işdən kənarlaşdırılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər”.

Şair Sovet İttifaqı dağılandan sonra şair o dövrdə baş verənləri “Sandıqdan səslər” başlığı altında kitab halında nəşr etdirib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar dillərinə tərcümə edilib.

B.Vahabzadə müxtəlif mükafatlarla təltif edilib.

Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var. Adı Bakı şəhərinin Yasamal rayonunda bir küçəyə verilib. 2018-ci il avqustun 31-də Şəkidə şairin ev-muzeyinin açılışı olub.

Xatirəsi əbədi ürəklərdə yaşayacaq böyük şair B.Vahabzadə 2009-cu il fevralın 13-də 83 yaşında dünyasını dəyişib. Yaşayasaydı 96 yaşını qeyd edəcəkdik.

Professor Ş.Hüseynov xatirələrind bidlirir ki, şairin ömrünün son günlərində həftədə üç dəfə ona baş çəkirmiş. “Dururdu, gəzirdi, amma hiss olunurdu ki, bədəni çox zəifləyib, əsir. Təzyiqi çox yüksək idi. Sonuncu gün Dilarə xanım mənə zəng etdi ki, Şirməmməd müəllim, Bəxtiyar getdi, gəl”…

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.