Press "Enter" to skip to content

Deputat İlham Məmmədov: Ermənistanın yalnız bir yolu var…

Bayraqdar.info – “Ötən il 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Məhz bu tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bununla həm də bəhs edilən dövrdə dünya miqyasında davam edən ədalətsizliyə son qoyuldu.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, torpaqlarımızın işğal altında qalması böyük ədalətsizlik, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan vəziyyət idi: “Bu günlərdə CNN Türk” televiziya kanalına müsahibəsində bu məqama toxunan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, belə vəziyyətdə Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Lakin cənab Prezident son illər ərzində dəfələrlə demişdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dövlət başçısının dediyi sözlər həyatda öz yerini tutdu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi”.

Millət vəkili bildirib ki, müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb: “Bu reallıqlar isə regiona əbədi sülh və iqtisadi inkişaf vəd edir. Özü də Azərbaycanın yaratdığı bu reallıqlardan hər kəs qazanacaq, hətta Ermənistan da. Təbii ki, bunun üçün bədxah qonşularımız ağıllı şəkildə düşünməli, düzgün qərar qəbul etməlidirlər. Bu gün bu ölkənin hərbi və siyasi rəhbərliyi bilməlidirlər ki, Ermənistanın yalnız bir yolu var. Dövlət başçısının sözgüdən müsahibəsində vurğuladığı kimi, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab alınmayıb. Lakin Azərbaycan da çox gözləmək fikrində deyil. Yəni biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda Azərbaycan da öz siyasətini buna uyğun şəkildə aparacaq”.

Mission News Theme by Compete Themes.