Press "Enter" to skip to content

Çiy yumurta xəstəliyi – Salmonelloz

Son yeniləmə: 15 Avqust 2021 20:13

Elza Qüdrət qızı Orucova – Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər mütəxəssisi. Özəl olaraq bayraqdar.info üçün

Salmonelloz haqqında bizə nə məlumdur, o nə ilə təhlükəlidir? Onun adı gələndə ilk öncə düşünürük: “Çiy yumurta xəstəliyi”, “Sivil ökələrin xəstəliyi”, “Yeməli qatil – salmonelloz!” Hətta məşhur bir ifadə var: “Toyuqlar. Yumurtalar. Salmonellalar. Və heç bir qoqol-moqol!”

Nə yeyirsinizsə, onların hamısı sizin əleyhinizə işləyə bilər, “yeməli qatillər”in siyahısında salmonellalar saxlayan qida məhsulları ola bilər. Siz necə fikirləşirsiniz, toyuq, yumurta və süd kimi məhsullardan ölmək olarmı? Əfsuslar olsun ki, bu mümkündür. Çoxlarını narahat edən məsələ: bildirçin yumurtalarında salmonellalar varmı?

Çiy yumurta sizin sağlamlığınız üçün təhlükəli ola bilər. Adətən toyuq yumurtası zahirən tamamilə “məsum” görünür: zülal və yumurta sarısı, hər şey son dərəcə sadədir. Lakin bu sadəlik aldadıcıdır, yumurta salmonellalar üçün məskən ola bilər. Məhz buna görə vaxtilə postsovet məkanında uşaqları qoqol-moqol adı altında şirin yumurtadan (“boltuşka”), yəni südlü qayğanaqdan məhrum etdilər.

Yaydır, bəlkə bir çox insanlar kimi bunu gəzinti ilə qeyd etmək istəyirsiniz. Çox güman ki, bu zaman sizə bəzi sevdiyiniz qidalar – qızardılmış toyuq və bişmiş yumurta xidmət edə bilər. Lakin növbəti gün səhər qalxanda mədədə ağrı, qusma və ishal olduğunu müşahidə edəcəksiniz. Bu, salmonelloz infeksiyası ola bilər!

Adətən kəskin bağırsaq infeksiyası (KBİ) dedikdə ən çox yayılmış ölkə kimi inkişaf etməkdə olan ölkələri nəzərdə tuturuq, salmonellozda isə bu fərqlidir. Ona görə də salmonellozu bir növ “kəndli“ xəstəliyi hesab etmək olmaz. Ona əsas etibarı ilə iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərdə rast gəlinir. Başqa sözlə, bu, tamamilə “sivilizasiyanın” xəstəliyidir, onun da obyekti yarımac Genuya yeniyetməsindən daha çox, ərköyün alman bürgeridir – şəhərlisidir.

Salmonelloz bütün dünyada diareyanın ən çox yayılmış və ondan baş verən ölümün 4 əsas səbəbindən biri sayılır. Dünyada hər il salmonelloz hadisəsi 155 min ölümlə nəticələnir. Təxminən 142 mln amerikalı hər il S. enteridis ilə toyuq yumurtasından yoluxur və 30 mini dünyasını dəyişir, məhz bununla da təhlükəlidir.

Avropada bu xəstəlik o qədər yayılıb ki, onun bir qədər azalmasının sevincini Avropa Qida Təhlükəsizliyi Təşkilatı Mərkəzinin (EFSA) baş elmi işçisi Marta Hügas belə bölüşüb: “salmonellozun azalması son 10 ildə qida təhlükəsizliyi sistemində uğurlu hadisədir”.

Bu infeksiya nə ilə səciyyələnir? Salmonelloz – salmonellaların müxtəlif serotipləri tərəfindən törədilən, həzm traktının zədələnməsi ilə, əsasən qastrointestinal formada, az hallarda isə yayılmış formada cərəyan edən, zoonoz mənşəli KBİ-dir.

Salmonellalar daha çox məməlilər, quşlar və sürünənlərin bağırsaqlarında olan, adətən yumurta, ət və süd məhsulları daxil olmaqla heyvan mənşəli məhsullar vasitəsi ilə insanlara yayılan bakteriyalardır. Daha çox rast gəlinən salmonellalar: S. enteridis, S. typhimurium, S. heydelberq, S. anatum, S. london, S. moskov, S. infantis, S. newport.

Son zamanlar salmonellaların antibiotiklərə yüksək davamlı “qospital ştamları” yaranmışdır. Onlar ət, süd məhsullarında nəinki qalır, hətta çoxalırlar və məhvi üçün də keyfiyyətli termiki emal tələb olunur.

İnfeksiya mənbəyi əsasən quşlar, xüsusən ev quşları (toyuq, hindtoyuğu, ördək), ov quşları (“Brilyant əl” filminin personajlarının dediyi kimi “diç”), ev heyvanları, itlər, pişiklərdir. Həmçinin amfibiyalar (qurbağalar), reptiliyalar (tısbağalar, kərtənkələlər, ilanlar, iquanalar), kemurqenlər (siçanlar və siçovullar) infeksiyanı yaya bilər. ABŞ-da buna görə 4 düymdən aşağı ölçüdə bağaların satışına qadağa qoyulmuşdur.

Əsas yoluxma yolu alimentardır. Yoluxma faktoru sağlam olmayan qida məhsullarıdır: hər şeydən əvvəl salmonella saxlayan yumurtalar (salmonelloz 90 faiz hallarda çiy və ya termiki emaldan kifayət qədər keçməmiş yumurtaların qəbulu ilə əlaqəlidir), hətta yumurta tozu, süd məhsulları, heyvan və quş ətləri, az dərəcədə balıq və balıq məhsulları. Salmonelloz adətən, heyvan mənşəli qidaların qəbulu vasitəsi ilə öz qurbanlarını “yaxalayır”.

Salmonelloz xəstə quşların yumurtası ilə (transovarial) ötürülə bilər, bu da xəstəliyin ən yayılmış yoludur. Son zamanlar salmonelloz toyuqlar arasında fövqəl dərəcədə populyarlaşıb.

Niyə məhz əsas infeksiya mənbəyi toyuqlar hesab olunur? Çünki xəstəlik onlarda yüngül keçir, özləri sağalır (cücələr isə bəzən ölür), sonra da infeksiya daşıyıcısı kimi digər toyuqları və həmçinin quşçuluq fabrikləri işçilərini yoluxdururlar. Salmonellalar xüsusilə quş peyinlərində “özlərini daha yaxşı hiss edirlər”. Xəstələr salmonelloza əsasən toyuqlardan yoluxurlar. Biz toyuq yumurtasını və ətini daha çox istifadə edirik və qaz yumurtaları ilə də yoluxmaq olar.

Bir çox mənbələr təsdiq edir ki, çiy bildirçin yumurtaları təhlükəli deyil, çiy halda qəbul etmək olar, bildirçinlər bədən temperaturunun yüksəkliyinə görə salmonellozla xəstələnmirlər. Bu məhsul toyuq yumurtasından 3 dəfə çox vitaminlər və mikroelementlərlə zəngindir, hətta buna görə onu ən kiçik uşaqlara da vermək olar. Bu fikir geniş yayılsa da, doğru deyil. Çünki bildirçin və toyuqların bədən temperaturu eynidir (41-420 C), salmonellalar isə 600 C və daha yüksək temperaturda məhv olurlar. Toyuqlar kimi bildirçinlər də salmonellozla xəstələnirlər. Ona görə də yumurtalar yoluxmuş olur və istifadədən öncə yaxşı yuma tələb edir.

Bildirçin yumurtalarında bişirildikdə itən, çiy halda isə təhlükə törədən çoxlu faydalı maddələrin olmasını nəzərə alaraq, istifadəçilər sərbəst şəkildə seçim hüququna malikdirlər: ya çiy halda, ya da onu zərərsizləşdirmək.

Salmonellozda gizli dövr orta hesabla 12-24 saatdır. 3 klinik forma ayırd edilir: yerli (qastrointestinal), yayılmış və bakteriyaifrazetmə. Gedişinin ağırlıgına görə də 3 forması mövcuddur: yüngül, orta ağır və ağır.

Ən geniş yayılmış yerli formanın çox rast gəlinən variantı isə qastroenteritdir. Bu forma eyni vaxtda intoksikasiya təzahürləri (hərarətin yüksəlməsi, ümumi zəiflik, titrətmə, baş ağrısı) və həzm traktının zədələnmə əlamətləri (ürəkbulanma, qusma, epiqastral, ileosekal nahiyədə və göbək ətrafında – “salmonelloz üçbucağı”nda ağrı, ishal, qarın orta dərəcədə köp və qurultu) ilə başlayır. Nəcis duru, bolluca, üfunətli, köpüklü, sarımtıl-yaşılımtıl və ya tünd-yaşılımtıl rəngli (“bataqlıq lili”) olur.

Əksər hallarda xəstə 10 gün ərzində sağalır və “xəstəlik daha özü haqqında bildirmir”. Lakin yerli forma da xəstə orqanizm üçün “bahalı hədiyyə”, yəni xoşaglməz nəticələr (dehidratasiya şoku və s.) qoya bilər. Salmonellozun yayılmış formaları (tifoid və septiki) ciddi ağırlaşmalarla müşayiət olunur. Salmonellozun “qurbanları” yenido ğulmuş körpələr, yaşlı şəxslər və immuniteti zəif olanlardır.

Salmonellozun diaqnozu klinik-anamnestik məlumatlara əsaslanır və laborator müayinələrlə təsdiqlənir. Salmonellozun müalicəsində aparıcı istiqamətlər: salmonellalara qarşı antibiotiklər, qusma və ishalla itirilən mayenin bərpası üçün məhlullar, faqoterapiya. Yerli formada bütün xəstələrə ilk günlər mədənin yuyulması və təmizləyici imalə edilir.

ÜST tərəfindən tövsiyə olunmuş heyvan mənşəli məhsulların təhlükəsiz təchizatı üzrə əsas ptofilaktik taktika bütün qida zənciri boyunca (“fermadan süfrəyə qədər” prinsipi üzrə) salmonellaların yayılmasının qabağını almağa yönəlmişdir.

Ev quşlarının daha çox salmonellaların daşıyıcıları olduğunu nəzərə alaraq qidada çiy yumurtalardan imtina etmək, ən azı onları 6 dəqiqə bişirmək lazımdır. İlıq yumurta çox təhlükəli məhsuldur və bildirçin yumurtalarını çiy halda qəbul etmək olmaz. Həmçinin çiy süd içmək olmaz, onu 3 dəqiqədən az olmayaraq qaynatmaq vacibdir.

Salmonellalar ilə yoluxmuş yumurtaları necə tanımaq olar? Təəssüflər olsun ki, vizual olaraq sağlamı yoluxmuşdan ayırmaq mümkün deyil. Yalnızca bir tövsiyə var: yumurta alarkən onun qabığına xüsusi fikir verin ki, orada quş peyninin zərrəcikləri ola bilər. Necə deyirlər, “peyinlə bulaşmasın” (peyin qabığa düşərkən infeksiyanın yumurtaya sirayət etməsinə 3 sutka kifayət edir və nəticədə qida təzə halda insan orqanizmi üçün təhlükəli olur). Həm “yumurtanın anası” – toyuqların həyat tərzi onların sağlamlığına, uygun olaraq həm də “praktik anasından-yumurtlayan toyuqdan” yoluxan yumurtaların da təhlükəsizliyinə heç bir halda zəmanət vermir.

Özünüzü ev sevimlilərinizdən də qoruyun: 10 faiz itlər və pişiklər salmonellaların daşıyıcılarıdır. Mikrodalğalar da bakteriyaların öldürülməsi üçün etibarlı bir yol deyildir və xam maddələr ehtiva edən qidalardan uzaq qaçın!

Mission News Theme by Compete Themes.