Press "Enter" to skip to content

Çin və Rusiya Talibanla dost münasibətlərinə hazırdır

Bayraqdar.info – Avqustun 15-də Talibanın paytaxt Kabili də ələ keçirməsi və Prezident Əşrəf Qəninin ölkəni tərk etməsinin ardından xarici ölkələrin Əfqanıstanla münasibətləri necə quracağı diqqət mərkəzindədir. Bu baxımdan qonşu Çinin heç nədən çəkinmədən Talibanla “dost münasibləri”nə hazır olduğunu bildirməsi diqqət çəkir.

Qlobal Əl-Cəzirə TV-nin yaydığı xəbərə görə, bunu Çin rəsmisi bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying deyib ki, ölkəsi “Əfqanıstan xalqının öz taleyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmətlə yanaşır və bu ölkə ilə dostluq və işbirliyi əlaqələrinin inkişafını davam etdirmək arzusundadır”.

Xatırladaq ki, Əfqanistandakı son hadisələrə qədər də Çinin Taliban rəhbərləri ilə açıq görüşləri dünyanın diqqətini çəkirdi.

Bu arada Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Əfqanıstanda baş verənləri “beynəlxalq ictimaiyyətin uğursuzluğu” kimi qiymətləndirib. “Bizim hamımız bilirik ki, Əfqanıstan məsələsi başa çatmayıb. Bu, dünya üçün bitməmiş bir məsələdir və dünya bu işdə yardımçı olmalıdır”, – deyə o, BBC TV-yə bildirib.

Çinlə bərabər Rusiyanın da Talibana yumşaq yanaşdığı barədə xəbərlər gəlir. Əl Cəzirənin Interfax-a istinadla verdiyi xəbərə görə, Rusiyanın Kabildəki səfiri avqustun 17-də Taliban təmsilçisi ilə görüşəcək.

Siyasət öz yerində, amma Əfqanıstandan ürək dağlayan görüntülər gəlməyə davam edir. Əhalinin xeyli hissəsi ölkəni tərk etmək üçün bütün yollara müraciət edir. Baxmayaraq ki, bəzi dairələr Talibanın Əfqanıstan xalqı tərəfindən dəstəkləndiyi görüntüsü yaratmaq istəyir, əldə olan bilgilər bunun tam əksini göstərir.

Mission News Theme by Compete Themes.