Mehrəli Qulu
Donuz bir gün məclisdə,
Təhqir etdi Qoyunu.
Dedi, nə olsun ki, var,
Əti, südü və yunu?
Onun özü bir yana,
Nəslinin yox savadı,
Odur ki, Qoyun olub,
Qoyun qalacaq adı!..
Qoyun bunu eşidib,
Dedi: Ey piyli Donuz,
Nə vaxtdan biz savadsız,
Siz savadlı oldunuz?
Sən qanmazsan, murdarsan,
Uzaqsan etikadan.
Odur ki, sizlərə də
“Donuz” deyirlər, nadan!
Yeyib-içib gəzirsən,
Bir iş gəlmir əlindən.
Amma ki, ona-buna,
Böhtan yağır dilindən.
Sən məni təhqir etdin,
Cavabını verdim mən.
Günahkar özünsən ha,
Donuz, incimə məndən!..