Press "Enter" to skip to content

Əfqanıstanda baş verənlər uzunmüddətli xaos və gərginlik vəd edir

Son yeniləmə: 13 Avqust 2021 20:57

Yücel Karauz: BMT vaxt itirmədən prosesə müdaxilə etməli, bölgədə sülhün əldə edilməsi üçün qətiyyətli qərarlar qəbul olunmalıdır

Bayraqdar.info – “ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra bu ölkədə onsuz da gərgin olan vəziyyət tamamilə nəzarətdən çıxıb. Doha razılaşması nəticəsində ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra əl-qolu açılan “Taliban” hərəkatı bir-birinin ardınca şəhər və qəsəbələri ələ keçirir. Son məlumatlara görə, “Taliban” Qəndəhardan sonra qədim Herat şəhərini də ələ keçirib. Bununla da taliblərin son bir həftədə Əfqanıstanda ələ keçirdikləri əyalət mərkəzləri və şəhərlərin sayı 11-ə çatıb.”

Bunu Əfqanıstandakı son durumu bayraqdar.info-ya dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Türkiyəli general deyib ki, əslində “Taliban” bununla Doha anlaşmasını pozub: “Çünki sözügedən anlaşmaya görə, ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çəkiləcəyi təqdirdə “Taliban” hər hansı şəhərə hücum etməyəcəkdi. Amma görürük ki, taliblər tamamilə bunun əksini edir. Buna cavab olaraq da ABŞ hərbi hava qüvvələri tərəfindən taliblərin mövqelərinə zərbələr endirilir. Lakin bu zərbələr hələ ki, “Taliban”ın hücumlarının dayandırılması üçün effektli deyil”.

Əfqanıstanın sıradan bir ölkə olmadığını deyən Y.Karauzun sözlərinə görə, burada baş verənlər digər dövlətlərə də təsir edir: “Bildiyimiz kimi Əfqanıstanda baş verənlər İran, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistanı, o cümlədən Rusiya və Çini narahat etməkdədir. Bu da səbəbsiz deyil. Çünki “Taliban”ın təkrarən Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bəzi ölkələrin, xüsuslilə də Çinin nəzərdə tutduğu qlobal layihələrin taleyini sual altına ala bilər”.

Türkiyəli generala görə, ümumiyyətlə baş verən son hadisələr regiona uzunmüddətli xaos və gərginlik vəd edir: “Çünki hazırda cərəyan edən proseslər, həmçinin “Taliban”ın bu dağıdıcı hücumları fonunda yaranacaq vəziyyəti aradan qaldırmaq artıq təkcə bir dövlətin işi deyil. Hesab edirəm ki, BMT vaxt itirmədən prosesə müdaxilə etməli, bölgədə sülhün əldə edilməsi üçün qətiyyətli qərarlar qəbul olunmalıdır”.

Müsahibimiz açıqlamasında son vaxtlar Rusiyanın Tacikistan və Özbəkistanla birgə bölgədə keçiridyi təlimlərə də toxunub: “Heç şübhəsiz bu təlimlər birbaşa Əfqanıstanda yaranan son durumla bağlıdır. Hesab edirəm ki, Türkiyə də bölgədə cərəyan edən prosesləri ciddi şəkildə izləməli və müvafiq addımlar atmalıdr. Müdafiə naziri Hulusi Akarın Pakistana səfərinin də eyni zamanda bu məqamdan qaynaqlandığını demək olar. Çünki Pakistanın “Taliban” üzərində təsiri böyükdür. Ehtimal etmək olar ki, Türkiyə Pakistan vasitəsilə “Taliban” rəhbərliyinə son addımların yanlış olması mesajını çatdıracaq. Yəni, necə ki, hazırda Rusiya, Çin bir formada “Taliban”la danışıqlar aparır, eyni zamanda Türkiyə də Pakistan vasitəsilə taliblərlə danışıqlar aparıb, onları dağıntılara və xaosa səbəb olan hücumlara son qoymağa çağıra bilər”.

Mission News Theme by Compete Themes.