Press "Enter" to skip to content

Niyaz Niftiyev: “Bu işə xitam verilməyincə əl çəkməyəcəm”

Bayraqdar.info – Bu başlıq jurnalist Qadir İbrahimlinin sosial media hesabındakı paylaşımındandır. O, artıq 16 aydır ki, xırda bir məsələdən ötrü istintaq altında yatan və haqsızlığa uğradığını bildirən jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə telefon əlaqəsi saxladığını da qeyd edib.

Q.İbrahimli daha sonra yazıb: “Dostlar, Niyaz saxlanıldığı təcridxanadan zəng vurmuşdu. Əvvəla, ona dəstək verən bütün dostlara, tanışlara dəstəyə görə təşəkkür etdi. İkincisi, aclıq aksiyası və yaşadığı əsəb sarsıntısı səhhətində çox ciddi problemlər yaradıb, təzyiqi aşağı düşüb. Hətta dünən təcridxanaya həkim də çağırıblar. Təkidlə xahiş etsəm belə, aclıq aksiyasını dayandırmayacağını bildirdi. Zəruri bilib onun dediklərindən bir neçə fikri sizin də diqqətinizə çatdırmağı borc bildim”.

Bundan sonra Q.İbrahimli N.Niftiyevin fikirlərini təqdim edib: “16 aydır ki, gözləyirəm. İstintaq dövründə səsimi çıxarmayıb əxlaq normalarına riayət etdim ki, qoy istintaq getsin. Şahid ifadələri ilə ittiham bir-birinə ziddir. Şahidə sual verirəm ki, ifadəni sən vermisən? Deyir ki, yox. Bu qədər haqsızlıq olmaz axı? Bu işə xitam, bəarət verilməlidir. Şahidlərin heç biri məni tanımır. Xahiş edirəm, dostlar, bu məsələni qabardın. Heç bir vəsatətim təmin olunmayıb, əlavə sənədlər təqdim etmişəm, baxılmayıb. 16 aydır ki, səbr edirdim. Ümid edirdim ki, normal istintaq gedəcək. Aldatdılar məni. Bu işə xitam verilməyincə əl çəkməyəcəm”.

Qeyd edək ki, N.Niftiyev ötən ilin aprelində Binəqədi bələdiyyəsinə sədr seçildikdən bir neçə gün sonra sənəd saxtalaşdırmağa görə həbs edilib. Onu tanıyanlarsa bunun qurma iş olduğuna inanırlar.

Mission News Theme by Compete Themes.