Bayraqdar.info – Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin milli fəalları şəhərdə yaşayan azlıq – mühacir kürdləri vətəndaşlıq qaydalarına riayət etməyə, qarşılıqlı hörmət və dinc şəraitdə yaşamağa dəvət ediblər. Onlar “Bu torpaqdan pay olmaz” məzmunlu minlərlə yazılı vərəqə nəşr edərək şəhərin bütün məhəllələrində yayıb, divarlara yapışdırıblar.
Qeyd edək ki, şənbə günü, avqustun 7-də şəxsi zəmində baş verən və bir kürdün ölümü, başqa birisinin isə yaralanması ilə nəticələnən mübahisəni bəhanə edən mühacir kürdlər təxribat törətməyə cəhd ediblər.
“Kürdüstan Demokrat Partiyası” və başqa silahlı kürd qruplaşmalarının çağırışı ilə bir sıra təxribatçı kürd fəallar “Nəqədə Kürdüstandır” və digər bölücü şüarlar səsləndirib və şəhərin millət vəkilinin əleyhinə ifadələr işlədiblər.
Bundan sonra yerli Sulduz gəncləri iğtişaşçılara cavab olaraq küçələrə çıxıb və “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndiriblər.
İğtişaşlar zamanı daha bir nəfərin xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bildirilib.
Ölənlərdən birinin Məhəmməd Əlizadə, digərinin isə Fərdin İbrahimi olduğu qeyd olunur.
“Kürdüstan Demokrat Partiyası” adlanan quruma yaxın media qaynaqları bu xəbəri qərəzli şəkildə yayınlayıblar.
Kürd saytları Fərdin İbrahiminin partiyanın rəhbərlərindən olan və avqustun 7-də İraqın Ərbil şəhərində öldürülən Musa Babaxani ilə birgə silahlı fotosunu “faşist türklərin əli ilə öldürülən şəhid” qeydi ilə yayıblar.
Onun xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində öldürüldüyü qeyd olunur.
Qaynaq: GünAz.TV