Bayraqdar.info – Qaradağ rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib. Bu addım Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə atılıb.
Bu barədə bayraqdar.info-ya avqustun 13-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu, Korğöz qəsəbəsi, Yeni massiv adlanan ərazidə avtomobil təmiri məntəqəsi kimi istifadə edilən obyektdə sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb.
Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən 110 mm diametrli su xəttinə qanunsuz qoşularaq sudan istifadə edib.
Ümid qəsəbəsindəki kafelərdən birində də oxşar hala rast gəlinib. Obyekt sahibinə dəfələrlə xəbərdarlıq edilsə də buna məhəl qoyulmayıb. Nəzarət-yoxlama zamanı məlum olub ki, kafe sahibi təkrarən 21 mm diametrli boru ilə yenidən yaxınlıqdakı su xəttinə qanunsuz qoşulma edib.
Həmçinin, Qaradağ rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evlərində də içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Lökbətan qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsində yeni ev tikən sakin yaxınlıqdan keçən 150 mm-lik magistral su xəttinə qanunsuz qoşulma edib.
Qəsəbənin 20 yanvar küçəsində isə yeni su xətti çəkilməsinə baxmayaraq vətəndaş köhnə xəttə qanunsuz qoşularaq uçotdan yayınırmış: “Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbir görülüb, qeyri-qanuni çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün ciddi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Belə hallara təkrar yol verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Qeyd edək ki, 2021-ci ilin 7 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 10 min 519, Qaradağ rayonu üzrə isə 445 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 2 milyon 877 min kubmetr, Qaradağ üzrə isə 109 min kubmetr həcmində sərfiyyat bərpa olunub.