Bayraqdar.info – 13 avqust bizim günmüzdür. Yəni solaxayların. Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Bu Gün 1992-ci ildə Britaniya Solaxaylar Klubunun təşəbbüsü əsasında yaranıb.
Hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır.
Solaxaylıq nədir?
Solaxaylıq qüsur deyil, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sol yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20, sağvərdişlilərdə isə 5 faizdr.
Solaxaylar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. (Onlardan fərqli olaraq mən hər işi sol əllə görsəm də, yazını sağ əllə yazıram.)
Müasir cəmiyyət onları “solaxay” adlandıraraq buna o qədər əhəmiyyət verməsə də qədim Romada bu cür insanları “sinister”, yəni “pislik” adlandırırmışlar. Orta əsrlərin kilsə xadimləri isə solaxayları “şeytan” adlandıraraq yandırırmışlar.
Qədimdə sol əllə işləyən insanı məhkəməyə çəkib şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pul qazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.
Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırıblar. Solaxaylar digər qrupa nisbətən daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək daha yaxşı nəticə göstəriblər.
Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır.
Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53 faizi rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.
Solaxaylar haqqında faktlar
•Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır;
•Solaxaylıq genlə gəlir;
•Solaxay kişilər qadınlara nisbətən daha çox psixoloji sarsıntı keçirir;
•Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olur;
•Solaxayların nitqində qəribəlik hiss olunur;
•Solaxay uşaqlar tərs olurlar.
Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.
•Şimpanzelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44 faizi, ayıların 28 faizi solaxaydır.
•Osminoqun 8 ayağı olmasına baxmayaraq ovunu bircə – sol əli ilə tutur. Onların 92 faizi sağ gözünü yumub sol gözü ilə baxır.
•Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
Son 10 ildə yer üzündə solaxayların sayı 4 dəfəyə qədər artıb.
Solaxaylar necə yaşayır?
Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır. Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər.
Solaxayların imzaları əhvallarından asılıdır. Onlar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır.
Solaxaylar daha ağıllı olurlarmış…
ABŞ Milli İqtisadi Bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər həmkarlarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərir, 15 faiz daha çox qazanırlar.
Məşhur solaxaylar
Dünyada solaxay məşhurlar çoxdur: Bill Geyts, Leonardo da Vinçi, Mark Tven, Bethoven, Merilin Monro, Albert Eynşteyn, Janna d,Ark, Lüis Kerroll, Nikolay Leskov, Mikelancelo, Pol Makkartni, Sergey Raxmaninov, Brüs Uillis və Rober De Niro solaxay məşhurlardır.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reygan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildir.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib