Press "Enter" to skip to content

Məsud Aşina ağır yaralı qaziləri müayinə edib

Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən yaralı qazilərin müalicəsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə həm ölkəmizdəki, həm də Fondun xaricdən dəvət etdiyi həkimlər tərəfindən daimi müayinə və müalicələr həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya avqustun 13-də “ASAN xidmət”dən məlumat verilib.

Qeyd olunan tədbirlər çərçivəsində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən yaralıların müayinəsi həyata keçirilib. Belə ki, Məsud Aşina və digər həkim heyəti şiddətli baş ağrılarından əziyyət çəkən yaralıları müayinə edərək hər birinə uyğun müalicə təyin edib.

Xatırladaq ki, Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib. Əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape” nəşrinin son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor M.Aşina birinci yerdə qərarlaşıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

Mission News Theme by Compete Themes.