Telman Nüsrətoğlu: Avrasiya regionunda təhlükəsiz bir mühitin formalaşması üçün türk dövlətlərinin üzərinə böyük rol düşür
Bayraqdar.info – “Son vaxtlar Türkiyədə və digər ölkələrdə baş verən yanğınlar ortaya yeni bir reallığı da çıxardı. Bu, iqlim dəyişikliyi, hibrid müharibələr, təbii fəlakətlər və onlarla mübarizənin də pandemiyaya qarşı qlobal mübarizə qədər əhəmiyyətli olduğunu ortaya qoydu. Bəlli oldu ki, bütün insanlığın bu cür fəlakətlərə qarşı vahid cəbhədə mübarizə aparması vacibdir. Xüsusilə iqlim dəyişikliyinə səbəb olan amillərin ortadan qaldırılması çox mühümdür.”
Bunu tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu bayraqdar.info-ya özəl açıqlamasında deyib.
Onun sözlərinə görə, bu konteksdə türk dünyasının, türk dövlətlərinin vahid cəbhədə mübarizə aparması vacibdir: “Ümumiyyətlə belə – fəlakət baş verən, çətin anlarda türk dünyasının birlik, həmrəylik sərgiləməsi olduqca mühümdür ki, bunun ən yaxşı örnəyini Azərbaycanla Türkiyə sərgiləyib. Azərbaycan xüsusilə Türkiyədəki yanğınların söndürülməsində öz dəstəyini istər cəmiyyət, istərsə də dövlət olaraq ortaya qoydu. Bu yanğınlar və Azərbaycanın göstərdiyi dəstək bir məqamı da aşkarladı. Söhbət təbii fəlakətlərə qarşı türk dünyasının vahid mərkəzdən hərəkət etməsi məsələsindən gedir. Hesab edirəm ki, belə bir mərkəzin yaradılması türk dövlətlərinin struktur potensiallarının birləşdirilməsinə səbəb ola bilər”.
T.Nüsrətoğlu bildirib ki, təkcə yanğınlar deyil, digər məqamlar da belə bir vahid mərkəzin yaradılmasını diqtə edir: “Hazırda hibrid müharibələri çağındayıq. Bu gün siber təhlükəsizlik, həmçinin çox sayda digər hucümlar və asimmetrik müharibələri müşahidə etməkdəyik. Bu baxımdan, dəyişən çağın ortaya çıxardığı sözügedən təhdidlərə qarşı da türk dövlətlərinin birgə mübarizə aparması vacibdir. Güman edirəm ki, türk dövlətləri bu yöndə də səylərini birləşdirəcəklər”.
O ki, qaldı noyabrın 12-də İstanbulda keçiriləcək Türk Keneşi ölkələri dövlət başçılarının Zirvə görüşündən gözləntilərə, T.Nüsrətoğlu deyib: “Ümumiyyətlə, türk dünyası artıq müxtəlif istiqamətlərdə inteqrasiyanın dərinləşdirilməsi, ortaq, strateji yatırımların artırılması istiqamətində addımlar atmalıdır. Hərbi sahədə, xüsusilə də yuxarıda bəhs etdiyim təhlükəsizlik sahəsində birgə fəaliyyətlər ortaya qoymaq, orduların, kəşfiyyat orqanlarının səylərini birləşdirmək vacibdir. Çünki Avrasiya regionunda təhlükəsiz bir mühitin formalaşması üçün türk dövlətlərinin üzərinə böyük rol düşür. Bu mənada türk dövlətləri Avrasiyada sabitlik və təhlükəsizlik adına ortaq bir sülhü qoruma gücü və ya təbii fəlakətlərə qarşı müdaxilə gücü formalaşdıra bilər. Həmçinin, təhsil sahəsində ortaq addımların atılması günümüzdə aktuallıq kəsb edir. Ortaq universitetlərin qurulması, araşdırma mərkəzlərinin, ortaq beyin mərkəzlərinin yaradılması vacibdir. Təbii ki, türk dünyasının daha da birləşməsi üçün Türk Şurasının müxtəlif strukturlarının yaradılmasına dair qərarların da qəbul ediləcəyi gözləniləndir”.