Bayraqdar.info – Sumqayıt Kimya Sənaye Parkı ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əhəmiyyətli rol oynayır.
Bu barədə bayraqdar.info-ya avqustun 12-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezident statusu verilib. İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollardan artıq investisiya yatırılıb.
Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Sənaye Parkında hazırda 5 min 500-dək insan daimi işlə təmin olunub. Ümumilikdə indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da təqribən 31 faizi ixracın payına düşür.
Cənubi Qafqazın ən böyük sənaye qurumu olan Parkda məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir: “Belə ki, 2020-ci ilin birinci yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin müvafiq dövründə bundan 49 faiz çox – 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47 faiz çox – 267,5 milyon manatlıq ixrac həyata keçirilib”.
Bu ilin birinci yarısında Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5 faiz olub. Burada həmin müddətdə qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8 faiz təşkil edib.
Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Bolqarıstan, Polşa, İtaliya Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.