11 avqust 2021-ci il tarixində ölkəmizdə COVID-19 mənzərəsi:
Yeni yoluxanların sayı: 2396,
yeni sağalanların sayı: 674,
bugünkü test sayı: 13792,
bugünkü ölüm sayı: 11.
Aktiv xəstə sayı: 15518…
Cəmi bir neçə həftə öncə ikirəqəmli, uzun müddətsə üçrəqəmli olan yoluxma sayı kəllə-çarxa vurub çıxıb. Təsəvvür edin: vaksinasiya prosesi gedir, böyük şəhərlərdə, özəliklə paytaxtda yaşayanların müəyyən bir hissəsi yay tətilindədir, qapalı yerlərdə maska tələbi qüvvədədir, pandemiya şərtlərinə uyğun yaşam ortamında vətəndaşlar (necə deyərlər) vərdiş, təcrübə qazanıb və s. ancaq yoluxma da artıb. Niyə?
Məsələn, bölgə ölkələrində – qonşularımız Rusiya, İran, Gürcüstanda, qardaş qonşumuz Türkiyədə COVID-19-a yoluxmadakı kəskin sıçrayış bu artımda pay sahibi ola bilərmi? – Qardaş Türkiyədə gündəlik yoluxma son 3 ayda ən yüksək həddə çatıb: yalnız ötən iki ayla müqayisədə yoluxanların sayı 6 dəfə artıb. Təsəvvür edin: iyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min! Rusiyaya gəldikdə: yalnız paytaxt Moskvada son sutkada yoluxma sayında 20 faizlik artım qeydə alınıb. İranda yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619! Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib!
(Üstəlik, virusun yeni ştamlarının bölgə ölkələrində də yayılması bizimçün siqnal olmalıdır.)
Başqa bir səbəb: ola bilərmi, yazsonrası, yayağzı bir sıra məhdudiyyətlərin aradan qaldırılmasından sonra, özəlliklə, şənliklərin keçirilməsinə icazə verilməsi ilə yaranmış yeni mərhələ də bu artımda rol oynayıb? – İçi mən qarışıq toya da getmişik. Əlbəttə, toylara icazə verilməsi təqdirəlayiq qərar oldu, toy-nişan olmalıdır, gənclərimiz öz şad günlərinin sevincini doğmaları, dostları ilə bölüşə bilməlidir. Deməli, həyatın yaxşı üzünü arzuladığımız, ona kökləndiyimiz kimi, həyatın o biri üzü ilə davranışda da uhulət-suhulət göstərməliyik…
Ölkə örnəyi…
Sınır qonşusu olduğumuz ölkələrdəki vahim durum göz önündədir. Hər birinə keçmiş olsun! Bununla belə, mövcud rəqəmlər respublikamızda COVID-19-la nə dərəcədə təsirli iş aparıldığını da göstərməkdədir. Ölkəmiz dörd tərəfində belə risklər varkən, ortada (necə deyərlər), ən yaxşı vəziyyətdə olan ada kimi qalıb. Bu, ilk sırada dövlətimizin həyata keçirdiyi tədbirlər və bunun sayəsində ciddi sonuclarla sıx bağlıdır. Bu tədbirlər nədən ibarətdir? – İlk növbədə, düzgün yanaşma ilə bağlıdır. Dövlətimiz məhz qlobal həmrəyliyin yaranması üçün ən çox səy göstərən dövlət oldu. Necə deyərlər, infeksiya sınır tanımır – qapanmalar yoluxmanı azaldır, ancaq tam aradan qaldırmır. Digər yandan qlobal həmrəylik vaksinlərin ədalətli bölgüsü mövzusunda özünü göstərməlidir. Məsələn, ona aid olan-olmayan yaxın-uzaq mövzularda öz ədalətsiz qərarları ilə yadımızda qalan Kanada, öz əhalisinə gərək olduğundan dəfələrlə artıq sayda vaksin tədarük etməklə qınaq obyektinə çevrilmişdi. Bəs yoxsul ölkələr neynəsin? Azərbaycanın ÜST-ə, yoxsul ölkələrə və digər dost, qonşu ölkələrə ən müxtəlif formalarda göstərdiyi dəstək, yüklü bağışlar hamıya bəllidir.
Bu, öz ifadəsini qlobal problemlə ölkə daxilində mübarizə üçün zəruri infrastruktur yaradıldığı, gərəkən səviyyədə texniki-təşkilati məsələlərin uğurla həll edildiyi, o cümlədən, dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlanması şəklində tapmışdır. Təsadüfi deyil ki, ÜST ölkəmizi COVID-19-la mübarizədə örnək ölkə kimi göstərib.
Yuxarıda vurğu etdiyimiz kimi, karantin rejiminin yumşaldılması, bir sıra qadağaların götürülməsi, şənlik mərasimlərinə icazə verilməsi, eləcə də açıq havada maska taxmaq tələbinin ləğvi, restoranların, ticarət obyektlərinin, Bakı metropoliteninin fəaliyyətinə icazə verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması fonunda virusun geniş yayılması, yoluxma sayının kəskin artması düşünməyə əsaslar verir. Mən bir qələm adamı olaraq, qadağaların tərəfdarı kimi deyil, sağlamlığın tərəfdarı kimi çıxış edirəm. – Necə deyərlər, “müharibənin əleyhinə deyiləm, sülhün lehinəyəm”…
Bəs nə etməli?
-Vətəndaşlarımız arxayınlaşmamalı, şəxsi gigiyena və təhlükəsizlik qaydalarına davamlı və səliqəli şəkildə əməl etməlidir;
-mövcud durumla bağlı vətəndaşlarımız vaksinasiya prosesinə daha fəal cəlb olunmalı, qapalı məkanlarda maskadan istifadə edilməli, digər gigiyenik tələblər əskiksiz yerinə yetirilməlidir;
-COVID-19 təhlükəsinin tam aradan qalxmadığı ictimai fikirdə arxa plana keçirilməməlidir. – Bu planda mediamızın üzərinə önəmli görəvlər düşməkdədir.
Yoxsa…
Yoxsa, yoluxmalar daha da arta, itkilərimiz çoxala bilər. Bu da müvafiq dövlət qurumunu yenidən qapanma qərarı almağa vadar edə, məhdudiyyətlərin tətbiqini güncəlləşdirə bilər.
Qapanmalar, məhdudiyyətlər xoşdurmu? – Deyil! O zaman qapanmaların, məhdudiyyətlərin olmaması üçün hər birimiz özümüz boyda töhfə verək.
Özümüzü qoruyaq ki, başqaları da qorunmuş olsun…
DÖVLƏTİMİZ, XALQIMIZ ZAVAL GÖRMƏSİN!