Press "Enter" to skip to content

Hər iki vaksin dozasını almış heç bir jurnalist COVID-19-a yoluxmayıb

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Bayraqdar.info – Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 238 nəfər jurnalist COVID-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib. Yoluxanlardan 235 nəfəri öncəki, 3 nəfər isə son, yəni iyuldan başlayan dalğanın dövrünə düşür. Bu rəqəmlər göstərir ki, media işçiləri arasında yoluxmanın intensivliyi ötən dövrlərlə müqayisədə çox aşağıdır. Belə müsbət nəticənin əldə edilməsinin isə öz səbəbləri var.

Bu haqda xəbəri bayraqdar.info-ya JuHİ sədri Müşfiq Ələsgərli verib.

M.Ələsgərli daha sonra bildirib: “Məsələnin aktuallığını, jurnalistlərin risk qrupları sırasında yer tutduğunu nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası mediada çalışan jurnalistlərin növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət etmişdi. TƏBİB-lə əldə edilmiş razılığa əsasən, aprel ayından başlayaraq media işçilərinin növbədənkənar vaksinasiyası həyata keçirilir. Bu günə qədər 70-ə yaxın redaksiyada çalışan min nəfərə yaxın jurnalistə COVID-19 infeksiyası əleyhinə vaksin vurulub. MŞ ofisində növbəsiz vaksin vurulmuş jurnalistlərin vəziyyətləri nəzarətdə saxlanılır, onların durumu ilə bağlı məlumatlar vaxtaşırı toplanılır. Vaksinin hər iki dozasını qəbul etmiş jurnalistlər arasında indiyədək COVID-19-a yoluxma halı qeydə alınmayıb. Yalnız birinci dozanı qəbul etmiş, amma ikinci dozanı almamış 2 nəfərdə yoluxma halı qeydə alınıb”.

“Əldə edilən nəticə budur ki, vaksinləşmə pandemiyadan qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Əlbəttə, digər şərtləri – sosial məsafəni gözləmək, insanların sıx toplaşdığı qruplara daxil olmamaq, qapalı məkanlara daxil olarkən tibbi maskadan istifadə etmək və sair amilləri nəzərə almaq da öz yerində.

“Təəssüf ki, bu acı durumdan, pandemiya faktından yararlanıb öz çirkin niyyətlərini həyata keçirmək istəyənlər də az deyil. Belələri nəinki pandemiyanın yaranması, inkişaf etməsi barədə dolaşıq fikirlər səsləndirirlər, eyni zamanda, COVID-19-a qarşı aparılan mübarizəni də gözdən salırlar, vaksinləşmə barədə yanlış fikrilər səsləndirməklə insanları çaşdırırlar. “Ağıllı görünmək” naminə insanların həyatları ilə oynayırlar, vətəndaşların könüllü şəkildə tibb məntəqələrinə gedib vaksin vurdurmalarına qarşı çıxırlar”. Bu fikirlər də JuHİ sədrinə aiddir.

M.Ələsgərli Səhiyyə Nazirliyi rəsmisinin məsələylə bağlı açıqlamasına da münasibət bildirib: “Səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiyanın koronavirusla mübarizədə effektsiz olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərək deyir ki, “Yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub. Bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur”. Jurnalistlərlə bağlı gətirdiyimiz nümunə Qasımovun söylədiyi faktın doğruluğunu sübut edir”.

JuHİ sədri daha sonra fikirlərini belə yekunlaşdırıb: “Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyasına 18 yanvar 2021-ci il tarixində başlanılıb və ölkəmiz regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdəndir. Prezident İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkəyə gətirilib. Bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub. Bu baxımdan Azərbaycanda qonşu ölkələrlə müqayisədə yoluxma halı xeyli aşağıdır. Məsələn, qonşu Gürcüstanda gündəlik yoluxma sayı 6 minə yaxınlaşır. Rusiya və İranda da əhalinin hər yüz nəfərinə düşən yoluxma sayı çox yüksəkdir. Azərbaycanda yoluxma halının digərləri ilə müqayisədə aşağı olmasının səbəbi görülən tədbirlər, o cümlədən vaksinləşmənin nəticəsidir. Düzdür, son 2 həftə ərzində Azərbaycanda gündəlik yoluxma 10 dəfəyə yaxın artıb ki, bu da vaksin olunmayanlar və ya pandemiya şərtlərinə əməl etməyənlər hesabınadır. İnsanlar boş, mənasız fikir bildirənlərə deyil, elmə, təcrübəyə əsaslanmalıdırlar: vaxtında vaksin olunmalı, təcrid şərtlərinə əməl etməldirlər”.

Mission News Theme by Compete Themes.