Press "Enter" to skip to content

Azərbaycandan Türkiyəyə və dünyaya daha bir anlamlı ismarıc

Son yeniləmə: 12 Avqust 2021 07:54

Bayraqdar.info – Məlum olduğu kimi Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının ilk günündən qardaş ölkənin yanındadır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri və müvafiq texnikaları artıq neçə gündür ki, yanğınlara qarşı mübarizəyə qoşulublar.

Yanğınların böyük qismi söndürülüb və bu məsələdə Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı qardaş ölkənin mediasında da əsas müzakirə mövzusudur.

Onu da qeyd edək ki, qardaş ölkəyə mənəvi dəstək də davam edir. Belə ki, meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı videoproyeksiya olunub. Beləliklə, bir daha Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya nümayiş etdirilib.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların başlamasından keçən 14 gün ərzində Azərbaycan hər cür dəstəyini verib. İlk andan etibarən dəstəyini ürəkdən hiss etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən səfir iyulun 31-dən bu günə qədər ölkəmizin göstərdiyi dəstəklə bağlı ətraflı məlumat verib: “Hazırda 750 qardaşımız yanğınların söndürülməsinə cəlb olunub. Qardaşlarımız 14 gündür gecə-gündüz yanğınsöndürmə fəaliyyəti ilə məşğuldur. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Sağ-salamat ailələrinin, sevdiklərinin yanına gəlmələrini arzulayıram”.

Səfir bildirib ki, bu aksiya da Türkiyəyə dəstək baxımından böyük önəm kəsb edir: “Yanğınların 14-cü günündən cənab Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin dövlət bayrağı Heydər Əliyev Mərkəzinin üzərində dalğalanmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Bir daha təşəkkür edirəm. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Kulesində, Ankarada Atakuledə və Türkiyənin bir çox meydanında dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Azərbaycan dövləti də, sizlər də kədərli günümüzdə yanımızda oldunuz. Mən buna görə hər bir azərbaycanlıya ürəkdən təşəkkür edirəm”.

Mərasimdə iştirak edən xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycanla Türkiyənin xoş gündə də, dar gündə də bir-birinin yanında olduğunu deyib. Nazir müavini bildirib ki, ulu öndər Heydər Əliyevin “bir millət – iki dövlət” fəlsəfəsindən güc alan Azərbaycan-Türkiyə qardaşlığı bu günlər bir daha sınaqdan üzüağ çıxdı.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, Azərbaycan və Türkiyə həm xoş, həm kədərli, həm də çətin günlərdə bir-birinin yanındadır: “44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan başda olmaqla türk qardaşlarımız bizə mənəvi, siyasi dəstək verdi, hər an bizim yanımızda oldu. Azərbaycan da Türkiyəni üzləşdiyi bu çətin gündə tək qoymadı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün köməyə gediblər. Azərbaycanın xilasetmə qüvvələri yanğınla mübarizədə fədakarlıq nümayiş etdirdilər. Sevindirici haldır ki, yanğınların qarşısı alınmaq üzrədir”.

Vurğulanıb ki, bu gün Türkiyə bayrağının Heydər Əliyev Mərkəzində işıqlandırılması çox böyük bir rəmzi məna daşıyır.

Əlavə edək ki, səfir C.Bağcı bu hadisəylə bağlı sosial media hesabında paylaşım edərək sevincini dilə gətirib.

https://twitter.com/CahitBagci/status/1425514593749770251?s=20

Mission News Theme by Compete Themes.