Press "Enter" to skip to content

Turizm: 17 min 500 manatlıq investisiya əldə etmək imkanı

Bayraqdar.info – 22 iyul – 6 avqust tarixlərində təlimçi və mentorlar üçün treninqlər keçirilib.

Bu barədə bayraqdar.info-ya avqustun 11-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimlər Agentliyin və Azərbaycan Turizm Bürosunun dəstəyilə həyata keçirilən “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramı çərçivəsində gerçəkləşib.

Təlimlər Azərbaycanda turizm, sahibkarlıq və startaplar, startaplar üçün müxtəlif mövzuları əhatə edən bir sıra nəzəri biliklərə və təcrübəyə əsaslanaraq keçirilib. Azərbaycanın müxtəlif bölgələrindən qatılan 20-yə yaxın təlimçi və mentor RİTM-in tədris və potensialın artırılması proqramında öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb.

Agentliyin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov Almaniya Beynəlxalq İşbirliyi Agentliyinin (GIZ) Azərbaycan ofisi ilə əməkdaşlıq çərçivəsində onlayn proqram vasitəsilə təşkil olunan təlimin yeni və xüsusi təlimçilər bazası yaratdığını deyib. Onun sözlərinə görə sözü gedən baza Azərbaycanın regional turizm konteksti üçün xüsusi olaraq hazırlanmış RİTM proqramının başlanğıc təlim kursunu həyata keçirəcək.

Təlimlər qonaqpərvərlik və turizm təhsili üzrə beynəlxalq ekspert, baş təlimçi Liza Gordon Deyvis, “Ekvita” şirkətinin hüquq üzrə meneceri Sevil Yəhyayeva tərəfindən keçirilib.

Həmçinin, KOB dostu (Bakı) Kamran Bağırzadə, KOBİA-nın Regional layihələrlə iş və monitorinq şöbəsinin müdir müavini Sabir Zeynalov və müxtəlif mövzular üzrə ATB mütəxəssisləri öz biliklərini iştirakçılarla bölüşüblər.

2021-ci ilin sonunda keçiriləcək milli finalda seçiləcək ilk üç yerin sahibi ümumi dəyəri 17 min 500 manat olan investisiya əldə edəcək. Onlar həmçinin “PWC Azərbaycan” peşəkar xidmətlər şirkətinin aparıcılığı ilə təşkil olunacaq akselerasiya proqramında da iştirak edəcəklər.

Mission News Theme by Compete Themes.