Fuad Nağıyev: İşğaldan azad olunan ərazilərdə yeni layihələr, turizm marşurutları işlənib hazırlanır
Bayraqdar.info – Pandemiya ilə əlaqədar olaraq ölkədə həyata keçirilən müəyyən yumşalmalardan sonra turizmin bərpasında əhəmiyyətli irəliləyiş var.
Dövlət Turizm Agentliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu qurumun sədri Fuad Nağıyev avqustun 10-da Lahıcda mətbuat nümayəndələrinə açıqlamasında deyib.
F.Nağıyev xüsusilə daxili turizimdə, regionlarda canlanmanın baş verdiyini bildirib. Sədr bir sıra xarici ölkələrlə Azərbaycan arasında uçuşların bərpasının da turizmin inkişafına dəstək olacağını vurğulayıb.
Xatırladaq ki, avqustun 10-da Dövlət Turizm Agentliyi tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil edilib.
Mediaturun məqsədi ictimaiyyəti və media nümayəndələrini ölkə turizminin bərpası və xüsusilə yay mövsümündə turzmin inkişafı istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub. Həmçinin, yeni turizm məhsulları və layihələr haqqında məlumat verilib, mövcud turizm dəhlizlərinin imkanları geniş auditoriyanın diqqətinə çatdırılıb.
Vurğulanıb ki, mediatur çərçivəsində jurnalistlərə 2020-2021-ci illərdə Azərbaycanda yaradılan yeni turizm məhsulları haqqında geniş məlumat verilib. Eləcə də Bakı-Şimal-Qərb dəhlizinin təqdimatı keçirilib. Bununla yanaşı “Mymenu” platforması barəsində məluamat verilib. Bildirilib ki, bu platfomra Azərbaycan regionlarında yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək məqsədini daşıyır.
Jurnalistlərlə görüşdə F.Nağıyev Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə yeni layihələrin, turizm marşurutlarının işlənib hazırlandığını da deyib. Sədr bu istiqamətdə Agentliyin digər dövlət qurumları ilə birgə sıx əlaqədə olduğunu və əməkdaşlıq etdiyini bildirib.
Mediatur çərçivəsində jurnalistlər “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan planlar və layihələr haqqında ətraflı məlumatlandırılıb. Həmçinin, onlar üçün misgərlik və xalçaçılıq sənətləri üzrə masterklaslar təşkil edilib.