Press "Enter" to skip to content

Metal məmulatları sahəsində çalışan şirkətlərlə görüş

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı qarşılaşdığı məsələlər, həmçinin digər məqamlarla bağlı sahibkarlıq subyektləri ilə dialoq formatında görüşlərin keçirilməsi davam edir. Növbəti belə görüş metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərlə keçirilib.

Bu barədə bayraqdar.info-ya avqustun 11-də Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Dövlət Vergi Xidmətinin, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər şəxsləri iştirak edib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi orqanları tərəfindən uçotun dürüstləşdirilməsi, biznes sahələrinin fəaliyyətində şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə yönəlmiş fəaliyyət prinsipləri yalnız vergi orqanlarının deyil, vergi ödəyicilərinin də fəaliyyətini əhatə edir.

Xidmət rəisi deyib ki, vergi orqanları metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini təhlil edib. Bu sahədə bir sıra nöqsanların olduğu müəyyən olunub. Digər sahələrdə olduğu kimi, metal məmulatlarının qəbulu sahəsində sənədsiz əməliyyatlar və sahibkarlıq subyektlərində qanunvericiliyə əməl edilməsi ilə bağlı kənarlaşmalar müşahidə olunur. Bu sahədə əməliyyatların qanun çərçivəsinə salınması zəruridir.

O.Nəzərli bu sahədə müşahidə olunan qanun pozuntuları, xüsusən metal tullantılarının qəbulu və məhsul satışı sahəsində mövcud nöqsanlar barədə məlumat verib. O, qeyd edilən məsələlərin həlli istiqamətində təkliflər səsləndirib.

Sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli çıxış edib.

Görüşdə metallurgiya sahəsində təmsil olunan şirkətlərin fəaliyyəti, istehsal olunan məhsulların satışı ilə bağlı mövcud çətinliklər, məhsulların ixracı və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub. Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair, habelə bu sahədə çalışan şirkətlər üçün mövcud qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra sahibkarların sualları cavablandırılıb. Qaldırılan məsələlərə aydınlıq gətirilib, səsləndirilən təkliflər qeydə alınıb.

Mission News Theme by Compete Themes.