Son yeniləmə: 10 Avqust 2021 21:24
Bayraqdar.info – “Məşğulluq marafonu”na bu günədək 1 min 672 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 299-u qazi, qalanları şəhid ailəsi üzvləridir.
Bu barədə bayraqdar.info-ya avqustun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ƏƏSMN tərəfindən iki ay əvvəl başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı hər gün artmaqda davam edir. Şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafonda iştirak edən işəgötürənlərin sayı artıq 382-yə çatıb. Onlardan 183-ü dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 227-si xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 18-i tikinti sahəsinə aiddir.