Press "Enter" to skip to content

İsrail İran Prezidentinin əqli durumu ilə bağlı xəbərdarlıq edib

Bayraqdar.info – The Times of Israel nəşri avqustun 11-də dərc etdiyi məqalədə vəzifəsinə yeni başlamış İran Prezidenti İbrahim Rəisinin əqli imkanlarıyla bağlı ilginc ifadələrə yer verib.

Qəzetin yazdığına görə, İsrailin kəşfiyyat qurumu olan Mossad ölkədə səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börnsə Prezident İ.Rəisi haqqında narahatlıq doğuran məlumatlar verib.

Mossadın CIA-yə İ.Rəisi ilə bağlı təqdim etdiyi qovluqda İran Prezidenti “danışıqlar aparıla bilməyəcək dəli ekstremist” kimi təsvir edilib. Eyni zamanda İ.Rəisi haqqında “uyğunsuz və qeyri-sabit” ifadələri işlədilib.

Qəzet onu da əlavə edir ki, U.Börns Mossad rəhbəri David Barnea ilə görüşüb. Sonuncu İran Prezidentini “güvənsiz və atom danışıqları apararaq onlarla bağlı öhdəliklərə əməl edəcəyi inandırıcı olmayan” şəxs kimi xarakterizə edib.

D.Barnea U.Börnsə həm də İ.Rəisini xarakterizə edən əlavə məlumatlar verib. Bu məlumatlarda İran Prezidenti “hədsiz ekstremal, hiyləgər, xirtdəyə kimi korrupsioner və qeyri-sabit” şəxs kimi göstərilir.

Qəzet başqa bir informasiya mənbəyinə istinadla yazır ki, “Mossad onu psixi pozğunluqları olan birisi kimi təsvir edib”.

Qəzet xatırladır ki, İ.Rəisi 1988-ci ildə İran-İraq savaşının ardından minlərlə məhbusun ölüm hökmünə məhkum edilməsinə qərar vermiş şəxsdir.

Mission News Theme by Compete Themes.