Bayraqdar.info – “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamının icrasına başlanılıb.
Avqustun 11-də Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, KTN Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısını müəyyənləşdirib.
“Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə bitkilərə dəymiş ziyan, qazılmış səngər və mərmi düşmüş ərazilər üzrə sahədə ziyan dəymiş kənd təsərrüfatı məhsulları götürülüb.
“Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 vətəndaşın əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.
“Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, Prezidentin Sərəncamı ilə ayrılan 1,4 milyon manat vəsait kartlara köçürülüb. Zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.
“Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən fermerlərin KTN-nin 16-52 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur”, – deyə Nazirlikdən bildirilir.