Press "Enter" to skip to content

Bakıda “İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi”

Son yeniləmə: 10 Avqust 2021 21:19

Bayraqdar.info – Avqustun 10-da Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi” mövzusunda tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya avqustun 10-da BMTİP-nin Azərbaycan ofisindən məlumat verilib.

Bildirilib ki, tədbirdə gənc eko-aktivistlər və ekologiya sahəsində çalışan dövlət qurumları əməkdaşları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib: “Tədbirin məqsədi ekologiya və ətraf mühitin mühafizəsi sahələrində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq təşkilatlar, gənclər və gənclər təşkilatlarını bir araya gətirərək onların bu sahədə gördüyü işlərlə tanış olmaq və gələcək əməkdaşlıqlar üçün imkan yaratmaq olub”.

Tədbirin açılış mərasimində BMTİP-in Rezident nümayəndəsinin vəzifəsini icra edən xanım Çaru Bist, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, həmçinin millət vəkilləri Məzahir Əfəndiyev və Əliabbas Salahzadə iştirak edib.

Rəsmi hissədən sonra iştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin BMTİP, Gənclər və İdman Nazirliyi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və DVC-nin birgə təşkil etdiyi “Yer Üstündə Həyat” debat turnirinin yekun nəticələri açıqlanıb.

Xatırladaq ki, sözügedən tədbir “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə icra etdiyi layihə gənclərin qərarvermə proseslərində daha fəal iştirakına dəstək olmaq məqsədini daşıyır.

Mission News Theme by Compete Themes.