Bayraqdar.info – Bəlli olub ki, qədim Babildə sonradan qədim yunanların “kəşf etdiyi” məşhur Pifaqor teorimini min il öncədən biliblər və ondan istifadə ediblər.
Bu haqda LiveSceince-in yazarı Ben Turner bir neçə gün öncə dərc etdiyi araşdırmada xəbər verib.
Müəllif yazır ki, ən azı 3 min 700 il öncə qədim Babildə hazırda Pifaqor teoremi adlanan istilahı nəinki biliblər, hətta ondan gen-bol istifadə də edilib. Yəni bu teorem yunan filosofu Pifaqorun anadan olmasından ən azı min il öncə Babillilərə məlum imiş.
Müəllif İstanbul Arxeologiya Muzeyində saxlanan bir gil lövhəyə əsaslanaraq bu fikrə gəlib. Muzeydə qorunan Si.427 saylı eksponat göstərir ki, qədim Babillilər torpaq sərhədlərini çəkmək üçün bu qaydadan istifadə ediblər.
Qeyd olunur ki, sözü gedən eksponat 1894-cü ildə bir fransız arxeoloqu tərəfindən indiki İraq ərazisində tapılıb, sonradan da İstanbul Muzeyində yerləşdirilib. Eksponatın e.ə. 1900 və 1600-cü illər arası dövrə aid olduğu təsdiq edilib.
Lakin yalnız indi alimlər həmin eksponatın əsas elmi mahiyyətinin fərqinə varıblar.
Məsələ ilə bağlı danışan Avstraliyadakı Nyu Sautz Uels Universitetinin riyaziyyatçı-alimi Daniel Mənsfild bildirib ki, yunanlar e.ə. II yüzildə gecə vaxtı göylərdə ölçü aparmaqla trigonometriyanı inkişaf etdiriblər. Halbuki Babillilər onlardan daha öncə bu işi elə yer səthində həyata keçiriblər.
Pifaqor teoremi: Düzbucaqlı üçbucaqda katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir.