Son yeniləmə: 10 Avqust 2021 15:56
Bayraqdar.info – Avqustun 10-da Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Xəbəri bayraqdar.info-ya MŞ-dən veriblər.
MŞ sədrinin müavini Umud Rəhimoğlunun sədrliyi ilə keçirilən iclasda bir neçə məsələyə baxılıb.
İclasda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın “Azerbaycanreallıqı.com” və “Xeberfakt.az” saytlarına qarşı şikayətinə baxılıb. Şikayətçi saytların onun barəsində yalan məlumatlar yaydığını bildirib.
“Hər iki sayta tövsiyə edilib ki, tənqid obyektinin mövqeyi öyrənilmədən, fikirlərini çatdırmağa şərait yaradılmadan həmin tənqid obyekti haqqında bilgilərin yayılması “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinə ziddir. Hər iki tərəf dinlənilib və onlar arasında anlaşma əldə edilib”, – deyə xəbərdə bildirilir.
Eyni zamanda Şamaxının Sabir qəsəbə sakini Zümrüd Arif qızı Atakişiyevanın “Reallıq TV”nin əməkdaşı, Sabirabad rayonunun Nizami kəndinin sakini Kazım Cəbrayılova qarşı şikayətinə baxılıb.
“Şikayətçi qarşı tərəfin onun şəxsi həyatına aid səhih mənbələrə əsaslanmayan, işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatı yaydığını bildirib. Z.Atakişiyevanın şikayəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, “Reallıq TV”də şikayətçi ilə bağlı hər hansı informasiya yayılmamışdır. Məsələ məişət mübahisəsi xarakteri daşıyır. Buna görə də aidiyyatı üzrə müraciət edilməsi tövsiyə edilib”, – deyə xəbər davam edir.
Daha sonra Ağcabədi rayon sakini Fəridə Mikayılovanın müraciətinə baxılıb. O, ARX TV (Azərbaycan Real Xəbərləri) yayımının rəhbəri B.Əyyubov haqqında ölçü götürülməsini və bu mediada özünün həyat yoldaşı haqqında yayımlanan məlumatla bağlı qarşı tərəfin münasibətinin öyrənilməməsinə görə tədbir görülməsini xahiş edib.
Sonda deyilir ki, “ARX TV ilə şikayətçi arasında mübahisəli durum aradan qalxdığından Şura şikayətin baxılmasına xitam verib. Bu istək şikayətçinin quruma ünvanladığı məktubda da əksini tapıb”.