Bayraqdar.info – “İrəli” İctimai Birliyi gənclərdə hərbi vətənpərvərlik hissinin aşılanması, zəfər ruhunun formalaşması istiqamətində tədbirlərini davam etdirir. Belə tədbirlərin davamı kimi Birlik gənclərin vətənpərvər və sağlam ruhda inkişafına fokuslanmış “Hərb Oyunları” layihəsinə başlayır.
Birlikdən bayraqdar.info-ya avqustun 10-da verilən məlumata görə, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə həyata keçirilir: “Layihənin məqsədi Vətən müharibəsində qazandığımız böyük qələbənin ardından gənclərdə hərb sahəsinə olan marağın günü-gündən artmasını özündə ehtiva edərək vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, onlarda orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaratmaqdır. Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər də məhz gənclərin bu istiqamətdə formalaşması, eyni zamanda hərbi sahədə bilik və bacarıqlarının artırılmasına hesablanıb”.
Bildirilib ki, layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin maneəli qaçış, atıcılıq, bıçaqatma, əlbəyaxa döyüş, pentatlon və digər müxtəlif hərb yönümlü idman növləri üzrə yarışı təşkil olunacaq.
Eyni zamanda, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparacaq. Həmçinin, bir həftə ərzində peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərb yönlü fiziki-psixoloji və intellektual oyunların da keçirilməsi nəzərdə tutulur.
27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutacaq layihənin sonunda keçirilən yarışlarda qələbə qazanmış komandalar kubok və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Xatırladaq ki, təşkilat tərəfindən 27 iyul – 2 avqust tarixlərində Göygöl rayonunda “Marş İrəli” layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü 2018-ci ildə Ağdam, ikinci mövsümü isə 2019-cu ildə Goranboy rayonunda baş tutub. Həyata keçirilən layihənin üç mövsümündə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.