Bayraqdar.info – Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə bu sahədə mövcud hüquqpozmalarla mübarizə tədbirləri prokurorluq orqanları tərəfindən davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən avqustun 10-da bayraqdar.info-ya bildiriblər ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilib. Faktla bağlı “Azərsu” ASC-dən Prokurorluğa material daxil olub. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluğunun və “Azərsu” ASC əməkdaşlarının iştirakları ilə əraziyə baxış keçirilib və araşdırma aparılıb.
“Araşdırmalarla həmin ərazidə 10 evin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35 kilovoltluq yarımstansiyanın önündə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları aşkar edilib. Qoşulmaları qanuniləşdirmək məqsədilə sakinlərin hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
“Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.
“Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir”, – deyə Prokurorluq bildirir.