Press "Enter" to skip to content

Vətən sizə oğul deyib…

Qarabağ qazisi, həmkarımız, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu 9 avqust 1992-ci ildə düşmən arxasında kəşfiyyat tapşırığını yerinə yetirərkən minaya düşüb. Onun müalicə aldığı müddətdə o dönəmin əfsanə qəzetlərindən olan “Səhər”də çıxmış yazını paylaşmaqla qazinin döyüş yoluna az da olsa işıq tutmaq istədik. Yeri gəlmişkən, Rey günü bu gün də aldığı yaralardan əziyyət çəksə də fəallığından qalmır.

Vətən sizə oğul deyib…

Rey Qasımov torpağımız uğrunda igidliklə vuruşan qeyrətli oğullarımızdandır. Xocalı yaxınlığında kəşfiyyatda olarkən yaralanıb. Bakıdakı Elmi-Tədqiqat Travmatologiya İnstitutunda müalicə olunur. Onun haqqında yazmaq istədiyimizi biləndə qəti etiraz etdi:

– Nəbadə elə iş görəsiniz. Mən qeyri-adi bir igidlik göstərməmişəm. Vətən qarşısında öz borcumu yerinə yetirirəm. İgidliyə qalsa mənimlə yanaşı çarpayıdakı bu oğlan daha hünərlidir. Adı Ələmquludur. 20-30 cür silahdan istifadə etməyi bacarır. Özü Sabirabaddandır. 4 uşağı var. Naxçıvanik kəndi yaxınlığında yaralanıb. Ermənilər başına qiymət qoyublarmış…

Reylə iki saata yaxın söhbətimizdə ondan yalnız dostları, tanışları haqqında xoş sözlər eşitdik. Şirin, Hidayət, Natiq kimi şəhidlərini adını mütləq çəkməyimizi xahiş etdi, onların qəhrəmanlığının qiymətləndirilməsinin vacibliyini bildirdi. Özü haqqında isə ancaq onu öyrənə bildik ki, 25 yaşı var, inşaatçı-mühəndisdir. Ağdamda yaşayır. Milli Ordumuz yaranmamışdan əvvəl Ağdamda özünümüdafiə batalyonunda vuruşub. Onun dediyinə görə, indi həmin batalyondan sağ qalanlar cəmi 20-30 nəfərdir.

Reyin dediklərini olduğu kimi çatdırmaqla onun haqqında yazmağımızın “günahını” yumaq istədik. Əslində isə biz onu eşitdiyimiz igidliklərinin sorağı ilə axtarıb tapmışdıq. Həm döyüşçü, həm də kəşfiyyatçı kimi həmişə yoldaşları arasında fərqlənib. Mərdliyi, cəsarəti, qorxmazlığı ilə neçə-neçə oğula nümunə olası bir igid kimi qələmə verilən Reyi elə beləcə də gördüm. Əlavəq olaraq onun ürəyiaçıqlığının və təvazökarlığının da şahidi olduq. Rey bir neçə gündən sonra cəbhəyə yola düşəcəyini bildirdi. Ürəyində qələbəmizin yaxında olmasına böyük bir ümid var idi, gözlərində isə ürəklərdə qalan neçə-neçə arzuların nakamlığına təəssüf yanğısının nişanələri…

Sənubər, Rauf
Səhər qəzeti, 1 sentyabr 1992-ci il.

Mission News Theme by Compete Themes.