Bayraqdar.info – Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan El Expediente və La Otra Cara portallarında “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqalə dərc olunub. Məqalədə tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları öz əksini tapıb.
Bu barədə bayraqdatr.info-ya avqusutun 9-da ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, Cəbrayıl, Fizuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılardan bəhs edir.
Bu xüsusda müəllif “Qafqazın Hiroşiması” adlandırdığı Ağdam şəhərində şahidi olduğu erməni vandalizmini xüsusi qeyd edir. Şəhərin bir daha yaşayış üçün əlverişli hala gətirilə bilinməməsi üçün maksimum dərəcədə məhv edildiyi, Ağdam Dram Teatrının, Çörək Muzeyinin, yüzillik sarayların yerlə-yeksan edildiyi vurğulanır.
Müəllif həmçinin məscidlərdə heyvan bəslənildiyi, Ağdamın “Qarabağ” futbol klubunun stadionunun yararsız hala salındığı haqda məlumat verir.
Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayır.
Sonda müəllif qədim və gözəl diyarların işğalçı dövlətin vandalizmi nəticəsində xarabalığa çevrildiyinə şahid olduğunu, ancaq dərin mənəviyyat və əzmkarlıq sayəsində yenidən, daha güclü şəkildə doğulmağın mümkün olduğunu Azərbaycan xalqından öyrəndiyini vurğulayır.