Bayraqdar.info – Avqustun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları barədə danışıblar. Eyni zamanda, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğunu bir daha vurğulayıb.