Press "Enter" to skip to content

Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Xəbər avqustun 5-də bayraqdar.info-ya Teatrdan verilib.

Xəbərdə bildirilir ki, UNESCO-nun “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində həyata keçirilən dəyirmi masa eşitmə məhdudiyyətli uşaq, yeniyetmə və gənclərin iştirakı ilə keçirilib.

Həmçinin, Dəyirmi masada Musiqili Teatrda yaradılmış “İnklüziv teatr” studiyasının üzvləri, nazirlik, elmi müəssisə, tədris ocaqları, eləcə də, ictimai təşkilatların bu sahə üzrə mütəxəssisləri iştirak ediblər.

“Tədbirin moderatoru – Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara “İnklüziv teatr” layihəsi barədə ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycanda indiyə qədər əlillərlə bağlı həyata keçirilən bir çox tədbirlərin iştirakçısı olsa da, eşitmə əngəlli insanlarla “İnklüziv teatr” layihəsi ilk dəfədir ki, həyata keçirilir. Tanınmış rejissor “İnklüziv teatr”ın yaranmasından indiyə kimi çox qısa zamanda müsbət nəticələr əldə etdiklərini qonaqların diqqətinə çatdırmaq məqsədi ilə onları bu studiyanın aktyorlarının məşq prosesini izləməyə dəvət edib.

“İllüziya nömrələri və “Yaranış” adlı pantomima səhnəsi ilə çıxış edən gənclərin ifaları görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

“Layihənin prodüseri, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Rəcəb Məmmədov çıxış edərək layihənin məqsədi, qarşıya çıxan çətinliklər və gələcək planlar barədə məlumat verib.

“Daha sonra tədbirdə Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının sədri Anar Xələfov, Təhsil İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Dilarə Dostuzadə, N.Tusi adına ADPU-nun dosenti, fəlsəfə doktoru Tamilla Ağayeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent, fəlsəfə doktoru Vidadi Qafarov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və digərləri çıxış ediblər.

“İnklüziv teatr”ın aktyorlarının ailə üzvləri Xədicə Murtuzayeva, Şənanə Səfərova tədbirdə danışaraq öz sevinclərini bölüşüblər. Onlar layihənin rəhbərinə, eləcə də sənət müəllimləri, Xalq artisti, ADMİU-nun dosenti Pərviz Məmmədrzayevə, Beynəlxalq İllüziya Ffestivalları laureatı Tofiq İsgəndərliyə təşəkkürlərini ifadə ediblər.

“Layihənin tərəfdaşı, “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova da studiyanın işində iştirak etdiyi üçün məmnunluğunu bildirib.

“Sonda Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin əməkdaşı Araz Bağırlı bu beynəlxalq layihənin UNESCO-da xüsusi marağa səbəb olmasından, onun əhəmiyyətindən, eləcə də perspektivlərindən danışıb.

“Tədbir iştirakçıları “Respublikada jest dilinin statusunun artırılmasına xüsusi diqqət yetirilməlidir” şüarı ilə çıxış ediblər. Onlar özfəaliyyət hərəkatının eşitmə əngəllilər üçün əlçatan olmasının, teatrlarda eşitmə əngəlli şəxslər üçün uyğun mühitin yaradılmasının, hər bir mədəniyyət müəssisəsinə eşitmə əngəlli tamaşaçılar üçün xüsusi vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıblar.

“Tədbirin sonunda Əliqismət Lalayev dəyərli fikirləri üçün qonaqlara minnətdarlığını bildirərək onları gələcəkdə də Akademik Musiqili Teatrla sıx əlaqədə fəaliyyət göstərməyə, məsləhətlərini və köməklərini əsirgəməməyə çağırıb”, – deyə Teatrın xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.