Bayraqdar.info – Bu günədək 114 qazinin 118 yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlik Vətən müharibəsində yaralanmış daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin edib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra onlara yüksək texnologiyalı protezlər təqdim olunub.
Beləliklə, Vətən müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.
“Genium” sistemi üzrə hazırlanan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər davam etdirilir.