Halit Habipoğlu: Sahib olduğumuz xüsusi status və hüquqlar çərçivəsində təhsildəki muxtariyyətimizin bərpasını istəyirik!
Bayraqdar.info – Şərqi Makedoniya-Trakya Dövlət Birinci və İkinci dərəcəli Məktəblər Regional Müdirliyinin 30 iyul 2021-ci il tarixli qərarı etirazlara səbəb olub.
Birlik Gazetesi-nin məlumatına görə, bu qərara əsasən 2021-2022-ci tədris ilində Batı Trakyaya aid daha 12 ibtidai məktəb bağlanacaq.
Bildirilib ki, Yunanıstanın Xarici İşlər Nazirliyinin bu etirazlara rəğmən Türkiyəni əsassız olaraq ittiham etməsi isə əsəbləri daha da gərib. Avropa Batı Trakya Türk Federasiyasının (ABTTF) prezidenti Halit Habip oğlu da, Batı Trakyada bağlanacaq 12 ibtidai türk məktəbi ilə bağlı danışıb.
H.Habip oğlu Yunanıstana, Mitsotakis hökumətinə xitabən aşağıdakıları deyib: “Əgər Lozan Anlaşmasını əskiksiz tətbiq edirsinizsə, o zaman necə olur ki, şagird çatışmazlığı səbəbiylə dövlətə deyil, ancaq bizə aid olan məktəbləri bağlayırsınız?”
O, Yunanıstanın Xarici İşlər Nazirliyi ilə Təhsil Nazirliyi Baş katibliyinin açıqlamasına da sərt etiraz edib: “Bu məktəblər dövlətin deyil, bizim məktəblərimizdir! Sahib olduğumuz xüsusi status və hüquqlar çərçivəsində təhsildəki muxtariyyətimizin bərpasını istəyirik!”.