Press "Enter" to skip to content

Yunanıstanın inkar etdiyi türklüyümüzə biz sahib durmalıyıq

Azər Həsrət

Son yeniləmə: 4 Avqust 2021 12:00

Bayraqdar.info – Son günlər diqqət çəkən bir məsələ də var. Düzdür, Azərbaycan ictimai rəyində bu məsələ o qədər də fəal müzakirə edilmir. Amma bizim üçün olduqca vacibdir və biganə qala bilmərik.

Söhbət Batı Trakyada – Yunanıstanda türk azlığa qarşı dövlətin dözümsüzlüyünün getdikcə artmasından gedir. Bizim də xəbər verdiyimiz kimi, bugünlərdə Yunanıstan dövləti türk azlığına aid daha 12 məktəbin bağlanması ilə bağlı qərar verib. Əlbəttə, istənilən ölkədə belə bir addımın atılması ciddi narazılığa səbəb olmalıdır.

Yunanıstanın türklərə qarşı belə ayrıseçkiliyi və dözümsüzlüyü ilk hadisə deyil. Bu, heç sıradan bir hal da deyil. Məsələ ondadır ki, Yunanıstan dövləti ümumiyyətlə türklərin varlığını danır. Yəni bu ölkədə türk azlığı deyə bir amil rəsmən tanınmır. Tanınmamaq bir yana, türklər inkar edilir. Onlardan yalnız “müsəlman azlıq” kimi söz edilir.

Bu da bir yana, müsəlman mədrəsələrinin rəhbərliyinə xristianların gətirilməsini demirik. Yunanıstan dövləti bunu da edir: müsəlman mədrəsələrində rəhbər vəzifələrə xristianlar təyin olunur…

Hələ bu yaxınlarda İskeçe Türk Birliyinin adındakı türk sözünün çıxarılması tələbi də var. Daha doğrusu, Yunanıstan bu sözü rəsmən yasaq edib. Avropa İnsan Haqları Məhkəməsi türklərin haqlı tələbini qəbul edərək türk sözünün qurumun adında qalmasını uyğun görüb. Lakin Yunanıstan bunu da vecinə almır…

Bu durum Avropa Birliyi kimi mütərəqqi bir birliyin üzvü olan Yunanıstanda müşahidə edilir. İllərdir həm də. Və ən maraqlısı da odur ki, Avropa Birliyi buna dözümlü yanaşmağa davam edir. Halbuki bu birlik heç öz üzvü olmayan, örnək üçün, Azərbaycan kimi dövlətlərdə belə halların ən xırda işartısına belə çox sərt reaksiya verərdi…

İndi bu insanlıq dışı davranışlarıyla gündəm olan Yunanıstan həm də Kıbrıs məsələsində öz qaydalarını diktə etməyə çalışır. Lakin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yönətimi haqlı olaraq Yunanıstanın da qarışacağı həll yolundan – Kıbrıs Federal Dövləti modelindən imtina edir.

Səbəb?

Səbəb həm də Batı Trakya türklərinin başına gətirilənlərdir. Əgər Yunanıstan öz ərazisində yaşayan türkləri türk kimi qəbul etmək belə istəmirsə, sabah Kıbrısda ortaq dövlət qurulacağı təqdirdə təbii ki, orada da türklər yox sayılacaq…

Durumun ciddiyyətini bilən KKTC Cümhurbaşqanı Ersin Tatar, eyni zamanda Türkiyə dövləti ona görə davranır. Yəni Kıbrıs adasında zatən fakta çevrilmiş iki müstəqil dövlətin rəsmən tanınması tək çıxış yoludur.

Doğrudan da bundan sonrakı mərhələdə adada iki müstəqil – güneydə Kıbrıs Rum Dövləti, quzeydə Kıbrıs Türk Dövləti olmaqla çözüm əldə etmək mümkündür. Əks təqdirdə hər hansı qalıcı çözümdən danışmaq olmaz.

Bir daha qeyd edirik, Yunanıstanın Batı Trakya türklərinə yaşatdıqlarını nəzərə alsaq, Kıbrısda federal dövlət qurulacağı təqdirdə adadakı türklərin də eyni taleyə məruz qalacağı mütləqdir. Ona görə də istər KKTC, istərsə də onun mövqeyini dəstəkləyən digər dövlətlər BMT başda olmaqla bütün dünyanı bu gerçəyə inandırmalıdır.

Bu arada bir məsələni də qeyd etmədən keçə bilmərik. İllərdir Kuzey Kıbrıs türklərinin dünya ölkələri ilə hava əlaqəsi kəsilib. Türkiyə dışında heç bir ölkədən KKTC-yə təyyarələr uçmur. Düzdür, bir neçə il öncə Azərbaycan da bu istiqamətdə bir addım atıb. Lakin sonradan o proses dayandı. Düşünürük ki, artıq Azərbaycanın da qardaş Türkiyə kimi KKTC-yə hava uçuşlarını gerçəkləşdirməsi vacibdir.

Ümumiyyətlə isə, Kuzey Kıbrıs türkləri Yunanıstanın və adadakı rum kəsiminin əsassız iddialarına görə əziyyət çəkməməlidir. Əgər adadakı duruma çözüm gətirilə bilmirsə – özü də bunun səbəbkarı rumlardır – türk qardaşlarımızın dünya ilə hava əlaqəsi bərpa edilməlidir. Niyə insanlar rumların inadkarlığı üzündən əziyyət çəkməlidir?

Bu arada onu da əlavə edək ki, bu il Böyük Britaniyada bir qrup şəxs onlayn müraciətə imza toplayaraq Londondan KKTC-yə birbaşa uçuşların açılmasını tələb edib. Lakin Böyük Britaniya dövləti mayın 27-də bu müraciətə cavab olaraq KKTC-ni tanımadıqlarını, bu üzdən də uçuşlara izn verə bilməyəcəklərini bəyan edib. Göründüyü kimi, 1983-cü ildən müstəqil dövlət kimi var olan KKTC-nin vətəndaşları bundan sonra da təcrid halında yaşamağa davam etməli olacaqlar. Halbuki Kıbrısın rum kəsiminə uçuşlar heç vaxt dayandırlmayıb, bu gün də davam edir…

Belə bir durum varkən türk dövlətləri qardaş KKTC-yə yardım əlini uzatmalıdır. İlk addım olaraq bu ilin noyabrında İstanbulda keçiriləcək Türk Keneşi Zirvəsinə KKTC Cümhurbaşqanı E.Tatarı da dəvət etmək lazımdır. Bunun ardından isə türk dövlətlərinin KKTC-ni mərhələli şəkildə birlikdə tanıması üçün hərəkətə keçilməlidir. Bu mərhələdə KKTC-nin Ercan Hava Limanına türk paytaxtlarından uçuşların açılması adadakı qardaşlarımıza çox ciddi yardım təşkil etmiş olardı…

Mission News Theme by Compete Themes.