Press "Enter" to skip to content

Türkiyənin daxili və xarici düşmənlərinin fəallaşdığı müşahidə edilir

Yücel Karauz: Belə bir ağır vəziyyətdə xüsusilə də “beşinci kolon” öz “fəallığı” ilə seçilir

Bayraqdar.info – “Türkiyə 7 günə yaxındır ki, yanğınlarla mübarizə aparır. Ölkədə 81 vilayət var və onlardan 38-də demək olar ki, eyni vaxtda yanğınlar çıxıb. Ümumilikdə 154 yanğın ocağı olub ki, onlardan da böyük bir hissəsi artıq nəzarət altına alınıb. Onu da deyim ki, yanğının söndürülməsində başda can Azərbaycan olmaqla bir sıra ölkələr Türkiyəyə dəstək göstərməkdədirlər. Mən başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm. Eyni zamanda bu yanğınlar zamanı həyatlarını itirənlərə Allahdan rəhmət diləyirəm.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general bu yanğınların son 100 ildə Türkiyədə qeydə alınan ən böyük təbii fəlakət olduğunu bildirib.

Y.Karauz yanğınlarla mübarizə aparıldığı bir vaxtda Türkiyənin daxili və xarici düşmənlərinin fəallaşdığına da diqqəti çəkib: “Məhz belə bir ağır vəziyyətdə xüsusilə də “beşinci kolon” öz “fəallığı” ilə fərqlənir. Xarici ölkələrin kəşfiyyat qurumlarının idarə etdiyi təxribat kampaniyasında yer alan “beşinci kolon” sadə vətəndaşlarımızın oynanılan çirkin oyunların qurbanına çevrilməsində mühüm rol oynayır. Bu cür böhranlı vəziyyətlərdə dövlət qurumlarından kənar edilən hansısa yardım çağırışlarına xüsusi həssaslıqla yanaşmaq lazımdır”.

Y.Karauz sadə vətəndaşları ayıq olmağa, daxili və xarici düşmənlərin hazırladıqları bu çirkin oyunun qurbanına çevrilməməyə çağırıb: “Hər kəs bilməlidir ki, bu kampaniyaların məqsədi kütləni aldadaraq öz qaranlıq planlarının icrasında istifadə etməkdir. Və bu oyunların arxasında məhz bəzi xarici ölkələrin kəşfiyyat qurumları dayanır. Xüsusilə də son günlər sosial şəbəkələrdə açılan saxta hesablar da bu oyunlara xidmət edir. Diqqət edilsə görüləcək ki, hansısa çağırışlarla bağlı açılan bu hesabların sahibləri sonra adlarını və soyadlarını dəyişdirərək paylaşımları silirlər. Heç şübhəsiz bu proseslər həm də terroçu qrupların üzvləri tərəfindən idarə olunur”.

“Sonda bir daha vətəndaşlarımızı ayıq-sayıq olmağa səsləyir və deyirəm ki, Türkiyə güclü dövlətdir. Bütün problemlər kimi bu problemin də öhdəsindən gəlinəcək”, – deyə general sözünü bitirib.

Mission News Theme by Compete Themes.